YAP GB-dən "Bakı 2015"ə dəstək veloyürüşü

YAP GB-dən "Bakı 2015"ə dəstək veloyürüşü

Bu gün Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi Azərbaycan Velosiped İdmanı Federasiyası ilə birgə "Bakı 2015" İlk Avropa Oyunlarına dəstək veloyürüşü keçirib. SİA-nın məlumatına görə, 200-dən çox velosipedçinin qatıldığı yürüşün marşurutu YAP GB ofisinin qarşısından Bakı Olimpiya Stadionunadək olub.

YAP GB-nin sədri Seymur Orucov jurnalistlərə açıqlamasında bildirib ki, YAP GB "Bakı 2015" İlk Avropa Oyunlarına dəstək məqsədi ilə silsilə tədbirlər həyata keçirir: "Avropa Oyunlarına Sən də Qoşul" layihəsi çərçivəsində bir neçə tədbirlər həyata keçirilib. Bu silsilə tədbirlərdən biri də Azərbaycan Velosiped İdmanı Federasiyası ilə birgə "Bakı 2015" İlk Avropa Oyunlarına dəstək veloyürüşüdür. Veloyürüşə YAP GB-nin fəal üzvləri ilə yanaşı federasiyanın üzvləri qatılıb. Hesab edirik ki, biz bu addımla ölkə başçısı İlham Əliyevə öz dəstəyimizi nümayiş etdiririk. Biz bu tarixi anları yaşatdığına görə Prezidentimizə minnətdarlığımızı bildiririk".

S. Orucov vurğulayıb ki, Azərbaycan bu oyunları keçirməklə Avropaya oyunların standartını təqdim edəcək.

Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətinin rəhbəri Pərviz Musayev isə SİA-ya açıqlamasında deyib ki, bu oyunlarda hamının bir yerdə olması mütləqdir. Onun sözlərinə görə, oyunlar zamanı dünya ictimaiyyəti Azərbaycanın bu tarixi yarışları yüksək səviyyədə keçirdiyinin şahidi olacaq.

Yürüş iştirakçıları da belə tədbirləri yüksək qiymətləndiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə