Sərbəst güləşçilərimiz "Bakı-2015"ə hazırlığı İran yığması ilə birgə davam etdirir
Sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandamız qarşıdan gələn ilk Avropa Oyunlarına hazırlığı Olimpiya Güləş Mərkəzində davam etdirir. SİA-nın məlumatına görə, baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiyanın rəhbərliyi altında böyüklərdən ibarət yığma komandanın üzvləri təlim-məşq toplanışında (TMT) iştirak edirlər. 30-a yaxın güləşçinin qatıldığı TMT mayın 18-dən başlayıb və iyunun 2-dək davam edəcək. Bu təlim-məşq toplanışı həm də I Avropa Oyunlarında iştirak edəcək heyətin müəyyənləşdirilməsində həlledici rol oynayacaq.
Budəfəki təlim-məşq toplanışında sərbəst güləş üzrə İran komandasının 7 üzvü də iştirak edir. Onların arasında qitə və dünya çempionatlarının qalib və mükafatçıları ilə yanaşı, üçqat Asiya çempionu Reza Afzali Paemami da var.
Qeyd edək ki, "Bakı-2015" I Avropa Oyunlarında güləş yarışları 13-18 iyun tarixlərində Heydər Əliyev adına İdman Sarayında baş tutacaq. Hər üç güləş növü üzrə keçiriləcək yarışlarda ümumilikdə 24 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB