Taekvondoçularımız "Bakı-2015"ə ciddi hazırlıq prosesi keçirlər FOTOREPORTAJ
Tarixdə ilk dəfə keçiriləcək və Azərbaycanda təşkil olunacaq "Bakı-2015" I Avropa Oyunlarının başlanmasına 17 gün qalıb. Oyunlarda təmsil olunacaq bütün idman növləri üzrə yarışacaq idmançılar dayanmadan məşqlərini davam etdirirlər. Azərbaycan taekvondoçuları da "Bakı-2015" I Avropa Oyunlarında yüksək nailiyyətlər əldə etmək üçün ciddi və yüksək hazırlıq prosesi keçirlər. Millimizin hazırlığı ilə tanış olmaq üçün Azərbaycan Taekvondo Federasiyasının (ATF) təlim-məşq bazasında olduq.

Yığma komandamızın məşqində ATF-in vitse-prezidenti Niyaməddin Paşayev də iştirak edirdi. O, Səs TV-yə açıqlamasında millinin I Avropa Oyunlarına hazırlığı barədə danışdı: "Bakı-2015" I Avropa Oyunlarında ümumilikdə 8 idmançı ilə təmsil olunacağıq. Onlardan 4-ü qız, 4-ü oğlan taekvondoçulardır. Hazırda milli komandamız Azərbaycan Taekvondo Federasiyasının bazasında təlim-məşq toplanışındadır. İdmançılarımız bir həftə öncə Rusiyada dünya çempionatında iştirak etdilər. Millimizin üzvü Radik İsayev yarışda qızıl medal qazandı. Mən dünya çempionu olandan 14 il sonra Radikin dünya çempionatında qızıl medal qazanması komandamızda böyük ruh yüksəkliyi yaratdı. Bu da millimizin I Avropa Oyunlarına yüksək əhval-ruhiyyə ilə hazırlaşmasına stimul verir. İnanıram ki, idmançılarımız "Bakı-2015"də yüksək nəticələr əldə edəcək, xalqımızı sevindirəcəklər.
İyunun 12-dən milli komandamız ATF-in binasından ayrılıb Atletlər Kəndində yerləşəcək və yarışlara hazırlaşacaq".
N. Paşayev tanınmış taekvondoçumuz, milli komandamızın aparıcı üzvlərindən olan Ramin Əzizovun I Avropa Oyunlarında iştirak edə bilməyəcəyini qeyd edib: "Ramin Əzizov yığmamızın aparıcı idmançılarından biri və kapitanıdır. Biz onun həm dünya çempionatında, həm də I Avropa Oyunlarında iştirakını və nəticə qazanmasını gözləyirdik. Amma o, zədələnib. İdmançılarımıza dəstək üçün R. Əzizov hazırda komanda ilə birlikdədir. Amma təəssüf ki, o, yarışa qatıla bilməyəcək. Ramini I Avropa Oyunlarında əvəz edəcək taekvondoçumuzun da potensialı yüksəkdir. Bütün idmançılarımıza inanır, onlardan yüksək nəticələr gözləyirik".

Milli komandanın üzvü Məhəmməd Məmmədov "Bakı-2015" I Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşdıqlarını bildirdi: "Məşqlər yüksək səviyyədə keçir. I Avropa Oyunlarında ölkəmizi layiqli təmsil edəcəyik. Nəticələr barədə indidən proqnoz vermək çətindir. Rəqiblərimz güclü olsa da, medallar qazanacağımızı düşünürəm. Portuqaliya, Belçika və Almaniya idmançılarını daha güclü rəqib kimi görürəm. Onlar reytinqdə də ön sıralarda yer alan idmançılardır. Portuqaliya və Belçika taekvondoçularını öncəki yarışlarda məğlub etmişəm".

Yığma komandamızın digər üzvü Ayxan Tağızadə I Avropa Oyunlarında ən yüksək nəticə qazanmağa çalışacaqlarını qeyd etdi: "Milli komandamız I Avropa Oyunlarına çox ciddi hazırlaşır. Hər gün məşqlər keçirik. Çalışacağıq ki, "Bakı-2015" I Avropa Oyunlarında ölkəmizin bayrağını yüksəklərə qaldıraq. Məsuliyyətimiz çoxdur. Rəqiblərimə gəlincə, mənim çəkimdə (68 kq) Avropanın ən güclü 16 idmançısı yarışacaq. Hamısını tanıyıram. Taktiki və texniki hazırlıqlarımı davam etdirirəm. Ən yaxşı nəticəni qazanmağa çalışacağam".
Qeyd edək ki, "Bakı-2015" I Avropa Oyunlarının taekvondo yarışları iyunun 16-dan 19-dək Bakı Kristal Zalda keçiriləcək. Yarışda 128 taekvondoçu mübarizə aparacaq.
Elgün Vidadioğlu

.jpg)
.jpg)
.jpg)
.jpg)

.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB