Bu, Türkiyə üçün də qürurverici hadisədir

Bu, Türkiyə üçün də qürurverici hadisədir

Bakıda keçiriləcək birinci Avropa Oyunları Türkiyədə də böyük maraqla gözlənilir. Qardaş ölkənin idman ictimaiyyətinin nümayəndələri Oyunların Bakıda keçirilməsini Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun göstəricisi kimi qiymətləndirirlər. "Bakı-2015"ə ümumilikdə 191 idmançı ilə qatılacaq olan Türkiyəni boks üzrə yarışlarda 5-i qadın olmaqla 13 idmançı təmsil edəcək. Türkiyəli boksçular Bakıda mühüm uğurlar əldə etmək əzmindədirlər. Bununla yanaşı, birinci Avropa Oyunlarındakı nəticələrindən asılı olmayaraq, yarışların Bakıda keçirilməsi faktı özlüyündə Türkiyə üçün qürurverici hadisə kimi qiymətləndirilir.

Türkiyə Boks Federasiyasının prezidenti Əyyub Gözgeç bildirib ki, ilk Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq arenadakı nüfuzunun göstəricisidir. Azərbaycanlı qardaşlarımızın uğuru bizim uğurumuzdur. O, Bakıdan medallarla dönməyi arzuladıqlarını deyib.

Boks üzrə Türkiyə milli komandasının məşqçilərindən biri, 1992-ci ildən Türkiyədə yaşayan əməkdar idman ustası Çingiz Məmmədov doğma Vətənində - Bakıda birinci Avropa Oyunlarında iştirak etməsinin onun üçün xüsusi önəm daşıdığını vurğulayıb. Məhz bu baxımdan o, ölkəmizdə keçiriləcək birinci Avropa Oyunlarını səbirsizliklə gözləyir.

Ötən ay Bakıda beynəlxalq boks turnirində iştirak edən Türkiyə milli komandasının üzvü Öndər Şipal isə birinci Avropa Oyunlarının yüksək səviyyədə keçəcəyinə əminliyini bildirib.

Boks üzrə Türkiyə millisinin üzvləri yarış zamanı azərbaycanlı azarkeşlərin onları dəstəkləyəcəyinə inanırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə