“Bakı-2015”in qonaqlarının tariximizi öyrənməsi üçün hazırlıq işləri aparılır

“Bakı-2015”in qonaqlarının tariximizi öyrənməsi üçün hazırlıq işləri aparılır

Tarixdə ilk dəfə keçiriləcək və Azərbaycanda təşkil olunacaq I Avropa Oyunları ilə bağlı ölkəmizdə aparılan hazırlıq işləri digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də uğurla davam etdirilir. Azərbaycana gələn qonaqların ölkəmizin tarixi ilə tanış olması ziyarət edəcəkləri məkanlardan biri də Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksidir.

Qala qoruğu 1988-ci ildən fəaliyyət göstərir. Burada 2008-ci ildə Heydər Əliyev Fondu tərəfindən böyük abadlıq və yenidənqurma işləri aparılıb. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi yaradılıb. Muzey kompleksində Abşeron yarımadasında tapılmış e.ə. III-II minilliklərə aid kurqanlar, qayaüstü rəsmlər, məişət və bəzək əşyaları, silah və sikkələr toplanıb, qədim yaşayış məskəninin qalıqları konservasiya olunub, yaşayış və digər memarlıq abidələri ilk görünüşündə olduğu kimi qurulub. 1,2 hektar ərazini əhatə edən muzey kompleksində Azərbaycanın tarixi incilərini seyr etmək üçün gözəl şərait yaradılıb.

Qala Əntiq Əşyalar Muzeyi Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə 2011-ci ildə Şahid Həbibullayevin şəxsi kolleksiyası əsasında yaradılıb. Uzun illər ərzində yığılmış zəngin kolleksiya hazırda 3000-ə yaxın maddi mədəniyyət nümunələrini əhatə edir. Onun əsasını təşkil edən Azərbaycan ustalarının yaratdığı əntiq əşyalar dəfələrlə beynəlxalq sərgilərdə, o cümlədən Paris, London, Vaşinqton, Berlin, Moskva, Qahirə, Rəbad, Bişkək, Daşkənd və digər şəhərlərdə nümayiş etdirilib və hər zaman böyük maraqla qarşılanıb.

Qala Əntiq Əşyalar Muzeyində bu unikal toplunun yalnız 800 eksponatı nümayiş etdirilir. Muzeyin 1-ci və 2-ci mərtəbələrində əsasən Azərbaycan xalqının əsrlər boyu yaratdığı müxtəlif dekorativ-tətbiqi sənət inciləri, 3-cü mərtəbədə Respublikanın ayrı-ayrı bölgələrindən toplanmış, ABŞ, Almaniya, Avstriya, Belçika, Rusiya, Fransa və digər ölkələrdə istehsal edilmiş və qədim zamanlardan xalqımızın məişətinə daxil olmuş nümunələr sərgilənir.

Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin direktoru, əməkdar mədəniyyət işçisi, tarix elmləri namizədi Fikrət Abdullayev SİA-ya açıqlamasında qeyd edib ki, bu, Respublikada ilk muzey kompleksidir ki, interaktiv turizmin məkanına çevrilib. O, muzey kompleksində "Bakı-2015" I Avropa Oyunlarına görə aparılan hazırlıq prosesindən danışıb: "Ölkəmizdə keçirilən beynəxalq tədbirlərdə Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi baxış obyekti kimi bütün qonaqlara təqdim olunur. "Bakı-2015" I Avropa Oyunlarına yüksək səviyyədə ciddi hazırlıq işləri həyata keçiririk. Bir neçə dillərdə bələdçilər hazırlanıb və onlara təlimlər keçirilib. Burada alman, fransız, ingilis, rus, türk dillərində bələdçilər fəaliyyət göstərir. Muzeylər Kompleksi ərazisində bir neçə turist marşrutu salınıb. Onlardan ən maraqlısı interaktiv turist marşrutudur. Çalışmışıq ki, Azərbaycanın orta əsrlər dövründəki kənd həyatını burada bərpa edək. Orta əsrlərdə Bakı kəndlərində hansı sənədlərlə məşğul olublarsa, onları göstəririk. Ərazidə emalatxanalar fəaliyyət göstərir. Qonaqlar buranı gəzərkən xalça toxuya, duluzçu və dəmirçi ilə işləyə, təndirdə çörək və lavaş bişirə bilərlər. Buradakı otaqlar həmin dövlərdə olduğu kimidir. Ərazidə orta əsrlərdə saxlanılan heyvanlar və becərilən bitkilər də var. Muzey kompleksində X- XIV əsrlərə aid, bərpa olunmuş qəsr mövcuddur. Burada tunellər, yeraltı otaqlar aşkar olunub.

Qeyd edim ki, "Bakı-2015" I Avropa Oyunları ərəfəsində Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin iş vaxtı da uzadılacaq. İyunun 1-dən səhər saat 09:00-dan axşam 21:00-dək işləyəcəyik. Bütün bələdçilər bu saatlarda iş başında olacaqlar".

Xatırladaq ki, "Bakı-2015" I Avropa Oyunları iyunun 12-dən 28-dək Bakıda və Mingəçevirdə keçiriləcək.

Elgün Vidadioğlu

İsmayıl Quliyev

Bütün xəbərlər Facebook səhifəmizdə