“Neftçi” komandası U-11 Liqanın qalibi olub

“Neftçi” komandası U-11 Liqanın qalibi olub

Mayın 20-də futbol üzrə U-11 Liqanın 2014/2015-ci il mövsümünə yekun vurulub. Bayıl stadionunda keçirilən final oyununda "Neftçi" və "İnter" komandaları qarşılaşıb.

Oyundan əvvəl mayın 19-da Bakı şəhərinin Binəqədi rayonunda baş vermiş yanğın zamanı dünyasını dəyişən şəxslərin və həmin gün vəfat etmiş əməkdar məşqçi Əhməd Ələsgərovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Oyunun əsas vaxtı 4:4 hesabı ilə başa çatıb. Əlavə vaxtda daha 3 dəfə fərqlənən "Neftçi" U-11 Liqasının 2014/2015-ci il mövsümünün qalibi adını qazanıb.

Matçdan sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov, İcraiyyə Komitəsinin üzvləri İsgəndər Cavadov və Vaqif Sadıqov, "Neftçi" klubunun Müşahidə Şurasının üzvü Səməd Qurbanov təqdim ediblər.

Liqanın bombardiri 52 qolla "Gəncə" komandasının futbolçusu Sadiq Səfiyev olub. "Neftçi"nin oyunçusu Şəmsur Abbasov "Fair play" mükafatına layiq görülüb. Ayxan Süleymanov ("İnter") isə liqanın ən yaxşı futbolçusu seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə