Bakı Su İdmanı Mərkəzində gənc üzgüçülər üçün təlim-məşq toplanışı təşkil olunub

Bakı Su İdmanı Mərkəzində gənc üzgüçülər üçün təlim-məşq toplanışı təşkil olunub

I Avropa Oyunları öncəsi Bakı Su İdmanı Mərkəzində üzgüçülər üçün təlim-məşq toplanışı təşkil olunub. SİA-nın məlumatına görə, bu gün keçirilən məşqə 20 gənc üzgüçü qatılıb. Yığma komandanın baş məşqçisi Rəşad Əbdülrəhmanovun başçılığı ilə keçirilən məşq Mərkəzin əsas yarış hovuzunda baş tutub. Hazırlıq prosesini "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) İdman şöbəsinin direktoru Pirs Okallahan və "Bakı-2015"in ulduz elçisi Murad Dadaşov izləyib.

BAOƏK-in İdman şöbəsinin direktoru Pirs Okallahan jurnalistlərə açıqlamasında qeyd edib ki, millimiz və azyaşlı idmançıların belə möhtəşəm Mərkəzdə təlim keçməsi çox faydalıdır: "Bu məkanda gənc idmançılar üçün təlim sessiyasının təşkil olunması çox xoşdur. Bakı Su İdmanı Mərkəzi şəhər sakinlərinin faydalanması üçün Oyunlardan qalacaq həqiqi mirasın parlaq nümunəsidir. Hovuz Olimpiya standartlarına uyğun tikilib və əminəm ki, bura Azərbaycan idmançılarının yetişməsi üçün önəmli mərkəzə çevriləcək".

Yığma komandanın baş məşqçisi Rəşad Əbdülrəhmanov isə milli komandamızın I Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşdığını deyib: "İdmançılarımız üçün hər cür şərait yaradılıb. Onlar "Bakı-2015"ə böyük həvəslə hazırlaşırlar. I Avropa Oyunları Azərbaycan tarixinin ən böyük idman tədbiridir. Bu, mənim üçün bir idmançı, məşqçi və Azərbaycan vətəndaşı kimi qürurverici haldır."

"Bakı-2015"in ulduz elçisi Murad Dadaşov Bakı Su İdmanı Mərkəzinin dünyanın ən yaxşı arenalarından biri olduğunu qeyd edib: "Bu arena I Avropa Oyunlarının su idmanı yarışlarının keçirilməsində böyük rol oynayacaq. Bakı Su İdmanı Mərkəzində üzgüçülüyün bütün növləri üçün hər cür şərait yaradılıb. Mən Oyunlar zamanı burada olacağam və idmançılarımızı dəstəkləyəcəyəm. Azarkeşlər bilet alıb, idmançılarımızı dəstəkləsələr, bu, onların daha da uğurlu çıxış etməsi üçün böyük kömək olacaq. Azərbyacan idmançılarına uğurlar arzulayıram".

Qeyd edək ki, I Avropa Oyunları zamanı Bakı Su İdmanı Mərkəzində 800-dən çox idmançı su idmanının 3 növü üzrə yarışacaq. Bakı Su İdmanı Sarayı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 avqust 2012-ci il tarixli Sərəncamına əsasən inşa olunub. Mərkəzin təməlqoyma mərasimi 2013-cu il aprelin 19-da keçirilib. Burada 3 üzgüçülük və 1 suya tullanma hovuzu var. Əsas və təlim hovuzlarının ölçüləri eynidir (50x25 m) və Olimpiya normalarının tələblərinə cavab verir. Təlim hovuzu iki hissəyə ayrılır və bir hissənin dərinliyi gənc üzgüçülər üçün uyğunlaşdırıla bilər.

Suya tullanma hovuzunun dərinliyi 4,5 metrdir. Mərkəz idmançıların yarışa hazırlıq otağı da daxil olmaqla suya tullanma təlim sessiyaları üçün mükəmməl avadanlıqlarla təchiz olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə