AGF Ümumrespublika seminarı keçirib FOTOLAR

AGF Ümumrespublika seminarı keçirib FOTOLAR

Xəbər veridyimiz kimi, may ayının 19-dan "Sərhədçi" İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında Azərbaycan çempionatına start veriləcək. SİA-nın məlumatına görə, bu gün adıçəkilən idman arenasının konfrans salonunda Azərbaycanın bütün regionlarından məşqçi və hakimlərin iştirakı ilə Ümumrespublika seminarı keçirilib. Seminara Azərbaycan Güləş Federasiyasının (AGF) baş katibi, Olimpiya dərəcəli hakim Əjdər Cəfərov, federasiyanın Hakimlər Kollegiyasının sədri Bəhmən Talebi və Türkiyədən dəvət olunmuş güləş mütəxəssisi Ramazan Savranbaşı rəhbərlik edib.

AGF-nin baş katibi Əjdər Cəfərov güləş idmanına yeni başlayan uşaqların sənədlərinin düzgün tərtib olunma və idmançıların nizam-intizam qaydaları barədə məlumat verib. O, klubların beynəxalq yarışlarda federasiyanın icazəsi olmadan iştirakının yolverilməz olduğunu bildirib. Baş katib ölkədə güləş idman növünün daha da inkişafı üçün bütün işlərin Dünya Güləş Birliyinin qaydalarına əsasən aparılmalı olduğunu deyib.

Hakimlər Kollegiyasının sədri Bəhmən Talebi isə, güləş qaydaları və dəyişikliklər, eyni zamanda idmançılar və hakimlərin bu dəyişikiliklərə adaptasiyası barədə danışıb.

Türkiyəli güləş mütəxəssisi Ramazan Savranbaşı Avropa və dünya çempionatlarında yeniyetmə və gənclərin nailiyyətləri ilə onların böyüklər yaş qrupundakı nailiyyətlərinin statistik təhlili və müxtəlif yaş qruplarında güləş idman növünün tədrisi və məşq planlaması mövzusunda çıxış edib. Fotoşəkillər və video görüntülərdən hazırlanmış slaydlar üzərində fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, sabahdan başlayacaq sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında Azərbaycan çempionatı mayın 21-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə