"Bakı-2015" I Avropa Oyunları Latın Amerikasında da yayımlanacaq

"Bakı-2015" I Avropa Oyunları Latın Amerikasında da yayımlanacaq

"Bakı-2015" I Avropa Oyunları artıq daha geniş miqyasda yayımlanacaq. SİA-nın məlumatına görə, I Avropa Oyunlarının Mərkəzi və Cənubi Amerikada nümayiş etdirilməsi məqsədilə, bu gün dünyanın aparıcı telekommunikasiya şirkətlərindən birinə yayım hüququ verilib.

"Rio-2016" Yay Olimpiya Oyunları üçün də yayım hüququ əldə etmiş "America Movil" şirkəti "Bakı-2015" I Avropa Oyunlarını filialı vasitəsilə, Argentina, Boliviya, Çili, Kolumbiya, Kosta Rika, Dominikan Respublikası, Ekvador, Salvador, Quatemala, Honduras, Meksika, Nikaraqua, Panama, Paraqvay, Peru, Uruqvay və Venesuela da daxil olmaqla Latın Amerikası boyunca bütün media platformalarında yayımlayacaq.

"Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: "Məqsədimiz I Avropa Oyunlarını dünyanın hər yerində mümkün olduğu qədər çox tamaşaçı kütləsi ilə bölüşməkdir. Bu istiqamətdə növbəti önəmli addım atıldı. "Soçi-2014" Qış Olimpiya Oyunlarının geniş şəkildə yayımını həyata keçirdikdən sonra, "Rio-2016" Yay Olimpiya Oyunlarının yayımı üçün də eksklüziv hüquqlar əldə edən "America Movil" şirkətinin idman tədbirlərinin yayımlanmasında təcrübəsi var.

"Bakı-2015" I Avropa Oyunları idmanın son 50 illik tarixinə düşəcək ən mühüm tədbirdir. "America Movil" şirkəti belə mötəbər tədbirin yayımını həyata keçirməsi üçün birgə tərəfdaşlıq imkanı yaranır.

Bununla da, Latın Amerikası I Avropa Oyunlarının geniş şəkildə yayımlanacağı ABŞ, Kanada, Hindistan, Çin, Avstraliya, Körfəz ölkələri və Avropanın sırasına qoşulur.

"Claro Sports"un baş meneceri Xose Antonio Abumrad əməkdaşlıqla bağlı bunları bildirib: "Bakı 2015" ilə I Avropa Oyunlarının Latın Amerikasında yayımlanmasını təmin edəcək müqavilənin imzalandığını elan etməkdən böyük məmnunluq hissi duyuruq. Bu regionun izləyiciləri mötəbər idman tədbirlərinə böyük maraq göstərirlər və biz bu cür önəmli tədbiri işıqlandıracağımız üçün çox məmnunuq. Latın Amerikasında yaşayan tamaşaçıların Bakıda baş tutacaq bu tədbiri izləyərək zövq alacaqlarına şübhəm yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə