Aydın Hüseynov: “Azərbaycan nəyə qadir olduğunu bir daha sübut etdi” MÜSAHİBƏ

"Qara qüvvələr Azərbaycanın uğurlarını həzm edə bilmirlər"
Aydın Hüseynov: “Azərbaycan nəyə qadir olduğunu bir daha sübut etdi” MÜSAHİBƏ

I Avropa Oyunlarının keçirilməsinin bir standart olaraq ortaya qoyulması, Azərbaycanın belə yarışları keçirmək iqtidarında olması və yarışlara hazırlıqla bağlı olaraq YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynovun müsahibəsini SİA-nın oxucularına təqdim edirik:

- Bildiyiniz kimi, Avropa Olimpiya Komitəsinin Baş Məclisində 2015-ci ildə birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbul olunmasına baxmayaraq, bəzi qüvvələr Azərbaycana qarşı məkrli siyasət yürütməkdədirlər. Sizcə, bu siyasət nə ilə bağlıdır?

- 2013-cü ilin sonunda, yəni dekabr ayında Avropa Olimpiya Komitəsinin Baş Məclisində 2015-ci ildə birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında yekdil qərar qəbul edilmişdir. İndi həmin Oyunların Azərbaycanda keçirilməsinin qeyri-mümkün olduğunu hesab edən həmin o mərkəzlər, siyasətbazlar əgər bu Oyunlarla bağlı narahat idilərsə və yaxud burada şərait yox idisə, Azərbaycanın buna hazır olmayacağını proqnozlaşdırırdılarsa, niyə 3 il bundan öncə səslərini çıxartmırdılar? İndi artıq I Avropa Oyunlarının keçirilməsinə az müddət qalmış səslərini çıxartmağa başlayıblar. Avropa Oyunlarının həyata keçirilməsinə birbaşa rəhbərlik edən Azərbaycan rəhbərliyi, Prezident İlham Əliyev, "Bakı-2015" ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva da bəyan edir və eyni zamanda Avropa Olimpiya Komitəsinin Baş Məclisinin özü də görür ki, Azərbaycanda artıq I Avropa Oyunlarının keçirilməsi ilə bağlı bütün şərait mövcuddur. Ölkəmiz artıq oyunların keçirilməsinə hazırdır. Bundan başqa, yarışların keçirilməsinə Azərbaycan vətəndaşları, yarışlara qatılacaq idmançılar, onların pərəstişkarları möhtəşəm hazırlıq işləri aparıblar. İdmanın sağlamlıq, insanlar arasında yaxşı mənada ünsiyyət, mədəni və iqtisadi əlaqələrin inkişafına təkan verən bir faktor olduğunu bilən sağlam qüvvələr bu idman yarışlarının ölkəmizdə keçirilməsinə sevinirlər. I Avropa Oyunlarının Bakıda keçirilməsinə narahat olan qruplar isə bizi istəməyən qüvvələrdir. Onlar elə başa düşürdülər ki, Azərbaycan bu yarışlara hazır ola bilməyəcək, Bakı bu yarışlara hazırlığı bitirə bilməyəcək. Çünki bu müddət az idi. Ancaq onlar gördü ki, artıq Bakı Avropa Oyunlarına tamamilə hazırdır, bu vaxt narahat olmağa başladılar.

- Avropa Oyunları ilk dəfə keçirilir və belə bir standart və nümunə ölkəmizdə bundan öncə olmayıb. Azərbaycanın belə bir standartı ortaya qoymasını necə dəyərləndirirsiniz?

- Avropa Oyunları ilk dəfə keçirildiyi üçün belə bir nümunə olmayıb. Azərbaycan artıq dünyaya yeni bir nümunə və standart təqdim edir. Hazırlıq prosesi başa çatır, deyə bədxahların əlləri hər yerdən üzülüb, buna görə də qarayaxma kampaniyasına başlayıblar. Bəzi məkirli insanlar görür ki, Azərbaycan rəhbərliyi, eyni zamanda "Bakı-2015" ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın gördüyü işlər daha möhtəşəmdir. Artıq həmin qüvvələr nə edəcəklərini bilmirlər. Bu bir daha onu göstərir ki, onları düşündürən idman deyil, qara niyyət, məkrli siyasət, Azərbaycanın uğurlarını həzm edə bilməmələridir. Amma Azərbaycan bir daha sübut etdi ki, böyük idman yarışlarını keçirməyə qadirdir.

- Özlərini "idmansevər" kimi təqdim edən qüvvələr belə bir möhtəşəm tədbirin keçirilməsini əngəlləmək istəyirlər. Həmin qüvvələrə nə ad qoymaq olar?

- Bəli, qeyd etmək istəyirəm ki, I Avropa Oyunları təkcə Azərbaycan deyil, bu həm də dünya səviyyəsində həyata keçirilən möhtəşəm bir hadisədir. Bu oyunlar təkcə Azərbaycanın deyil, həm də Avropa ölkələrinin marağı çərçivəsindədir. Təkcə onu vurğulamaq olar ki, Azərbaycana minlərlə idmançı gələcək. Həmin idmançıları və onlar tamağa etməyə gələcək on minlərlə pərəstişkarı gözümüzün önünə gətirsək I Avropa Oyunlarının nə qədər əhəmiyyətli, maraqlı olduğunu dərk etmək olar. Avropa Oyunlarına qarşı aparılan qarayaxmalar, əslində bu birliyə və yüz minlərlə idmansevərə qarşı çıxmaq deməkdir. "Sağlam bədəndə sağlam ruh olar", deyiblər. Əgər kimsə I Avropa Oyunlarının timsalında idmana qarşı çıxırsa, deməli ruhu sağlam deyil, xəstədir.

- II Avropa Oyunlarının Niderlandda keçirilməsi haqda qərar qəbul edilib. Buna münasibətiniz necədir? Həmin qüvvələr yenədəmi boykot yolunu seçəcəklər, yoxsa bu məkrli siyasən yalnış Azərbaycana qarşıdır?

- I Avropa Oyunları adından da bəlli olduğu kimi, ilk dəfə keçirildiyi üçün bundan sonra keçirənlər ən yaxşı halda bunu təkrar edəcəklər. Bundan yüksək ola bilməyəcəklər. Hələ I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərar verilməmişdən öncə, təkcə Bakıda deyil, regionlarımızda da Olimpiya kompleksləri və idman qurğuları kifayət qədər idi, yeniləri tikilirdi, bir çoxu bərpa olunurdu. Bu, Dövlət Proqramları çərçivəsində həyata keçirilirdi. Məlum olduğu kimi regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı və Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı qəbul edilib. Bu proqramların heç birində qeyd olunmayıb ki, Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar olaraq hər hansı işlər görülsün. Biz öz işimizi görürük. Onu da xüsusi qeyd edim ki, bizim iqtisadiyyatımız unikallığı ilə seçilir və əldə etdiyimiz nailiyyətlərdə dövlət proqramlarının çox böyük rolu var. Çünki bu dövlət proqramları birbaşa Prezident İlham Əliyevin təşəbbüsü, ideyasıdır. Bu ideya və təşəbbüslər indi yox, ölkə başçısı hələ Prezident seçkilərinə qatıldığı zaman irəli sürülmüşdü. İlham Əliyev bəyan etmişdi ki, hər bir regionun özünün sosial-iqtisadi inkişaf proqramı olacaq. Bu proqram elmə, regionların əmək potensialına söykənir. Elmi təhlil metodologiyasına söykənərək dövlət proqramları ortaya qoyulur və bir çox məsələlər həll edilir. Bura idman kompleksləri, qurğuları, yollar və parklar, digə infrastrukturlar daxildir. Biz I Avropa Oyunları keçiriləcək deyə, bir stadion və idman qurğusu tikməklə bütün işləri dayandırmalı deyildik. Bizim dövlət proqramımız var və bu proqrama uyğun olaraq yol çəkilməli, parklar salınmalı, infrastruktur yenilənməlidir. Azərbaycan qarşıya qoyduğu proqramları həyata keçirərək və Avropa Oyunlarına hazırlığı mükəmməl şəkildə təşkil edərək onu sübut etdi ki, Azərbaycan qarşıya qoyduğu bütün məsələləri pillə-pillə, mərhələ-mərhələ çox uğurla həyata keçirir və dünyaya yeni standartlar təqdim edir. Biz Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşırıq. Bu birincidir və bütün dünyaya nümunə olacaq. Azərbaycan bu torpağa xoş niyyətlə ayaq basan hər bir əcnəbiyə yüksək qonaqpərvərlik nümayiş etdirir. Bu, əslində bizim milli ənənələrimizdə qonaqpərvərliyin dominantlıq etdiyi anlamına gəlir. Biz idman yarışı keçiririk, idmançıları qəbul edirik, eyni zamanda adət-ənənələrimizi onlara aşılamalı, turistlərə, qonaqlara bizim milli kimliyimizi təqdim etməliyik. Oyunların Niderlandda keçirilməsinə gəlincə, hər halda gözləmək lazımdır, görək hollandlara qarşı da "qara piar" kampaniyası aparılacaq, ya yox. Əgər hollandları da bizim aqibətimiz gözləyəcəksə, onda həmin qüvvələrin əməllərinə indikindən fərqli qiymət vermək olar. Yox, əgər II Avropa Oyunlarının keçiriləcəyi ölkəyə münasibət bizdən fərqli olarsa, onda bu qüvvələrin niyyətlərinin kökündə hansı məqsədlərin dayandığı açıq şəkildə söyləyə bilərik.

- Hansı idman növünə marağınız var? Hansın yarışlara tamaşa etməyi düşünürsünüz?

- Gənc yaşlarımda boksla məşğul olduğum üçün bu yarışlara tamaşa etmək istəyim var. Biletləri də yaxın zamanda almağı planlaşdırmışam. Boks yarışlarını yaxından izləyəcəyəm.

Bütün xəbərlər Facebook səhifəmizdə