Xızıda velosiped idmanının şosse növü üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatına yekun vurulub. SİA-nın məlumatına görə, Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təşkil edilən yarışda "Synergy Baku"da çıxış edən velosipedçilərimiz də daxil olmaqla, yığma komandalarımızın bütün üzvləri mübarizə aparıb. Yarışın keçirilməsində əsas məqsəd "Bakı-2015" ilk Avropa Oyunlarında iştirak edəcək heyəti müəyyənləşdirmək idi.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) təqviminə əsasən, iyunun sonlarında keçirilməli olan yarışın mayda təşkili "Bakı-2015" ilk Avropa Oyunları ilə əlaqədardır. Belə ki, iyunda ölkəmiz mötəbər yarışa ev sahibliyi edəcəyindən, beynəlxalq federasiya Azərbaycan çempionatının mayın ortalarında keçirilməsinə razılıq verib.
İlk yarış günündə Elit kateqoriyada iştirak edən velosipedçilər 40 km məsafəyə fərdi ötüşmədə mübarizə aparıblar. Mayın 15-də isə qrup yarışları keçirilib və mükafatçılar müəyyənləşib. 128 km məsafə qət edən velosipedçilər dəniz səviyyəsindən 1200 metr hündürlükdə finiş xəttini keçiblər. Yarışın dağlıq hissəsində rəqiblərindən xeyli aralanan Maksim Averin və ötənilki ölkə çempionu Elçin Əsədovun mübarizəsində Maksim birinci olub və bununla da Azərbaycan çempionu adını qazanıb. Elçin Əsədov 2-ci yeri tutub. İlk üçlüyü isə Samir Cəbrayılov tamamlayıb.
Bununla da Maksim Averin, Elçin Əsədov və Samir Cəbrayılov ölkəmizi "Bakı-2015" ilk Avropa Oyunlarının şosse velosipedi növündə təmsil etmək hüququ qazanıblar. Yeri gəlmişkən, ölkə çempionatının nəticələri Beynəlxalq Velosipedçilər İttifaqının reytinq siyahısında da nəzərə alınır. Belə ki, ilk 3 yerin sahibi müvafiq olaraq aktivinə 40, 30 və 16 xal əlavə edəcək. Bu isə "Rio-2016" Yay Olimpiya Oyunlarında iştirak üçün olduqca önəmlidir. Hazırda velosipedçilərimizdən ən yüksək reytinq Maksim Averinə məxsusdur. Bunadək iştirak etdiyi yarışlarda 78 xal toplayan idmançı, Azərbaycan çempionu olmaqla xallarının sayını 118-ə çatdırıb.
Ölkə çempionatının yekunlarına əsasən, "Bakı-2015" ilk Avropa Oyunlarında iştirak edəcək qadın şosse velosipedçilərimiz də məlum olub. Bunlar Yelena Pavluxina və Ülfət Nəzərovadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB