Yuri Qoryaçov: "Bakı mənim boya-başa çatdığım şəhərdir"

Yuri Qoryaçov: "Bakı mənim boya-başa çatdığım şəhərdir"

"Mən Bakıda tez-tez oluram. Bura mənim Vətənimdir, boya-başa çatdığım, təhsil aldığım şəhərdir. Buna görə də Bakı mənə çox əzizdir. Paytaxtın və Azərbaycanın necə inkişaf etdiyini görmək çox xoşdur. Bugünkü Bakı möcüzədir və bu, çox sevindiricidir. Bütün bu dəyişikliklər nəinki arxitektura, həmçinin abadlıq və əhalinin mənafeyi baxımından çox bacarıqla həyata keçirilib. Ölkənin tarixi və mədəniyyəti ilə əlaqədar olan bütün abidələrin qorunub saxlanması da sevindirici haldır". Bu fikirləri mayın 14-15-də Azərbaycanda və Moskvada UNESCO "Assosiativ məktəbləri"nin direktorları üçün "Sivilizasiyaların dialoqu və mədəniyyətlərarası əməkdaşlıq" mövzusunda Bakı Slavyan Universitetində (BSU) keçirilmiş regional seminarın iştirakçılarından biri, Moskva Açıq Təhsil İnstitutunun UNESCO kafedrasının müdiri Yuri Qoryaçov səsləndirib.

O, qeyd edib ki, istər tanınmış alimlərin, istərsə də tələbələrin konfransda səslənmiş məruzələri olduqca maraqlı təsir bağışlayıb. Y.Qoryaçov deyib: "Bu məruzələr çoxmədəniyyətlilik siyasətinə, yeni nəslin başqa dinlərə və dillərə tolerant münasibət ruhunda tərbiyə edilməsi ilə əlaqədar məsələlərə yanaşmanı əks etdirir. Sevindirici haldır ki, rus dilinin inkişaf etdirilməsi, rus dili və ədəbiyyatının tədrisi üzrə kadrlar hazırlanması ilə bağlı məsələlər Bakı Slavyan Universitetinin diqqət mərkəzindədir. Hazırda rus mədəniyyətinə maraq artır. Bakı şəhərinin orta məktəb direktorları ilə Moskvanın orta məktəb direktorlarının görüşləri bunu təsdiqləyir. Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın inkişafı rusdilli kadrlara tələbatı artırır. Bu baxımdan BSU yüksək ixtisaslı mütəxəssislər hazırlanması sahəsində gözəl nümunədir və rus dilinin inkişafında mühüm yer tutur. Həmkarlarımın Azərbaycanla tanış olması və burada müxtəlif millətlərin və dinlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını görməsi əslən bakılı kimi mənə çox xoşdur".

BSU-nun rektoru Asif Hacıyev bildirib ki, məhz Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində Azərbaycan nadir tolerant ölkəyə çevrilib. Burada multikulturalizm xalqın həyat tərzidir.

Universitetin dosenti Aytən Qəhrəmanova çıxışında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın UNESCO ilə əməkdaşlığının yüksək səviyyədə olduğunu, bu təşkilatın xoşməramlı səfiri kimi əvəzolunmaz fəaliyyətini xüsusi vurğulayıb.

Beynəlxalq münasibətlər kafedrasının müdiri professor Məmməd Əliyevin "Müasir Azərbaycanda dini tolerantlıq" mövzusunda məruzəsi iştirakçılarda böyük maraq doğurub. Məruzədə bütün dini konfessiyalara və icmalara təşkilati, maddi və mənəvi yardım göstərilməsi işində Azərbaycanın siyasi rəhbərliyinin səmərəli fəaliyyəti xüsusi qeyd edilib.

BSU-nun nəzdində fəaliyyət göstərən ümumtəhsil məktəb-lisey kompleksinin 11-ci sinif şagirdlərinin təqdimatı konfrans iştirakçılarına xoş təsir bağışlayıb. Məktəblilər yaratdıqları "Butterfly" multifunksional internet-brauzerini təqdim ediblər. Onlar bu layihə ilə müxtəlif respublika və beynəlxalq müsabiqələrdə qələbə qazanıblar və gələcəkdə bu maraqlı təşəbbüsü daha da inkişaf etdirməyi planlaşdırırlar.

Məktəb-lisey kompleksinin biologiya müəllimi Gülnar Rəhimova məktəblilərin ekoloji tərbiyəsi sahəsində görülmüş işlərdən danışıb. Məruzəçi SOCAR-ın ekologiya idarəsi ilə birlikdə "Məktəblilərin ekoloji tərbiyəsi" mövzusunda hazırlanmış layihə barədə məlumat verib.

Qeyd edək ki, Y.Qoryaçovdan savayı dosent Yelena Omelçenko, Moskva Təhsil Muzeyinin direktoru Sergey Polovetski və 1520 nömrəli Moskva gimnaziyasının direktoru Vita Kiriçenko da BSU-nun qonağı olublar. Onlar burada fəaliyyət göstərən təlim-tədris mərkəzlərinin fəaliyyəti ilə tanış olublar. Məktəb-lisey kompleksində müxtəlif mövzularda təqdimatlar keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə