Karateçilərimizin I Avropa Oyunlarına hazırlığından REPORTAJ SƏS TV

Karateçilərimizin I Avropa Oyunlarına hazırlığından REPORTAJ SƏS TV

"Bakı-2015" I Avropa Oyunlarında təmsil olunan 20 idman növündən biri də karatedir. Bütün dünyada yüksək uğurları ilə tanınan Azərbaycan karateçiləri bu möhtəşəm Oyunlara ciddi hazırlıq keçirlər. İdmançılarımızın I Avropa Oyunlarına hazırlığı ilə tanış olmaq üçün milli komandamızın təlim-məşq bazasına yollandıq.

Dünya və Avropa çempionu, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti, millət vəkili Ülvi Quliyev də yüksək şərait yaradılmış bazada məşq keçən yığma komandamızla birlikdə idi. O, SİA-ya açıqlamasında I Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin əhəmiyyətindən danışdı, milli komandamıza daima dəstək olduğunu qeyd etdi: "I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycan üçün çox böyük idman hadisəsidir. Cəmiyyətimiz I Avropa Oyunlarına yüksək əhval-ruhiyyə ilə hazırlaşır. "Bakı-2015" Avropa Oyunları Təşkilat Komitəsi bütün hazırlıq işlərini yüksək səviyyədə yerinə yetirir. Hər kəs şahid olacaq ki, "Bakı-2015" I Avropa Oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçiriləcək. İnanıram ki, Azərbaycan idmançıları yüksək nəticələrlə xalqımızı sevindirəcəklər".

Milli komandanın baş məşqçisi Rəhman Hətəmov isə yığma komandamızın "Bakı-2015" I Avropa Oyunlarına hazırlığından danışdı: "I Avropa Oyunlarına hazırlığa bu ilin əvvəllərindən başlamışıq. Mütəmadi olaraq beynəlxalq turnirlərdə iştirak edirik. Hazırlığımızın nəticələri yaxşıdır və idmançılarımız hər gün daha da yaxşı təsir bağışlayırlar. İstanbulda keçirilən Avropa çempionatında 2 qızıl, 1 gümüş medal qazandıq və komanda hesabında 3-cü olduq. Hədəfimiz I Avropa Oyunlarında qalib olmaq, xalqımızı sevindirmək, bizə göstərilən etimadı doğrultmaqdır".

Baş məşqçi milli komandanın ixtiyarında olan təlim-məşq bazası barədə də məlumat verib: "Gözəl təlim-məşq bazamız var. "İnter Arena"da yerləşən binanın iki mərtəbəsi karate idman növünə ayrılıb. Burada idmançılarımız üçün bütün şərait yaradılıb. Bazada soyunub-geyinmə, masaj, duş otaqları, fiziki və texniki məşqlər üçün bütün avadanlıqlar mövcuddur".

Dünya və Avropa çempionu, milli komandamızın üzvü Rəfael Ağayev idmançılarımızın hədəfinin I Avropa Oyunlarında ən yüksək nəticələr qazanmaq olduğunu bildirdi: "İdmançılarımızın üzərinə böyük məsuliyyət düşür. Nəinki karateçilər, "Bakı-2015" I Avropa Oyunlarda təmsil olunan bütün növlərdə yarışan idmançılarımız məsuliyyəti dərk edirlər. Arzu edirəm ki, karateçilərimizlə yanaşı, bütün idmançılarımız I Avropa Oyunlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxsınlar, himnimizi səsləndirib, bayrağımızı qaldırsınlar.

I Avropa Oyunlarına yüksək səviyyədə hazırlıq keçirik. Bir neçə beynəlxalq yarışlarda iştirak etmişik. Bu ilin mart ayında Avropa çempionatına qatıldıq və yığmamız burada 3-cü yerə çıxdı. Şəxsi döyüşlərdə isə mən və Niyazi Əliyev qızıl, Ayxan Mamayev gümüş medal qazandı. Komandamızın kapitanı Şahin Atamov hakimlərin ədalətsiz qərarı ilə medal qazana bilmədi. Bu çempionat da göstərdi ki, I Avropa Oyunlarına hazırlığımız yüksək səviyyədədir".

Dünya karatesinin "brilliant"ı "Bakı-2015" I Avropa Oyunlarında karate yarışlarının ilk günlərdə keçiriləcəyini, uğurlu çıxışları ilə digər növlərdə yarışan idmançılarımızda ruh yüksəkliyi yaratmağa çalışacaqlarını vurğulayıb: "İyunun 12-də "Bakı-2015" I Avropa Oyunlarının açılış mərasimi keçiriləcək və ayın 13-də isə karateçilərin yarışı başlayacaq. Düşünürəm ki, əlimiz yüngül olacaq. Qızıl medallar qazanacağıq və növbəti yarışlardakı idmançılarımız da bundan ruhlanacaqlar.

Məqsədim həyatda və idmanda həmişə 1-ci olmaqdır. "Bakı-2015" I Avropa Oyunlarında da bu məqsədlə yarışacağam. Hazırlığımın daha da keyfiyyətli keçməsi üçün yaxın dostlarım, qohumlarımla çox tez-tez əlaqə saxlaya bilmirəm. Onlar da bizi başa düşürlər və dəstəkləyirlər".

Dünya çempionu I Avropa Oyunlarındakı rəqibləri barədə də danışdı: "Oyunlarda 75 kq çəki dərəcəsində mən də daxil olmaqla Avropanın ən güclü 8 idmançısı yarışacaq. Onların içərisində ən güclü 3 rəqibim var. İki ay öncə onların 3-ü ilə də döyüşmüşəm. Türkiyəli Erman Eltemur və almaniyalı Noah Biç güclü idmançılardır. Ən güclü rəqibim isə italiyalı Luici Busadır. Onunla 8 dəfə döyüşmüşəm. Bu döyüşlərdə 6 dəfə qələbə qazanmışam, 2 dəfə məğlub olmuşam. Düşünürəm ki, I Avropa Oyunlarında ayrı-ayrı qruplarda olduğumuza görə, finala qədər yüksəlsəm, həmin idmançı ilə döyüşəcəyəm. Məqsədim 2-ci və ya 3-cü yer deyil, 1-ci yerə çıxıb, Azərbaycanın himnini səsləndirib, bayrağını qaldırmaqdır".

Avropa üçüncüsü, milli komandamızın üzvü Nuranə Əliyeva da I Avropa Oyunlarına hazırlığından danışdı: "Azərbaycan milli komandasının tərkibində ciddi hazırlıq keçirəm. -50 kq çəki dərəcəsində döyüşürəm. Bu çəki dərəcəsində medal qazanmağa çalışacağam. Bütün idmançılarımızın məqsədi ilk Avropa Oyunlarında yüksək səviyyədə çıxış edərək, qızıl medal qazanmaqdır.

"Bakı-2015" Avropa Oyunları zamanı 7 ölkədən rəqiblər gələcək. Bunlar Avstriya, Türkiyə, Fransa, Xorvatiya, Ukrayna, Belarus, Almaniyadır. Onlardan güclü rəqib kimi 3 ölkə var - Avstriya, Fransa və Türkiyə. Məqşçilərimiz də hazırlığımızın yüksək səviyyədə keçməsi üçün əllərindən gələni edirlər".

Qeyd edək ki, "Bakı-2015" I Avropa Oyunlarında karate yarışları iki gün müddətində, 13-14 iyun tarixlərində keçiriləcək. Medal uğrunda fərdi kumite üzrə 10 yarış, fərdi kata üzrə isə 2 yarış baş tutacaq. "Bakı Kristal Zal"da keçiriləcək yarışlarda Avropanın ən güclü 96 karateçisi mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə