"Bakı-2015" I Avropa Oyunlarında təmsil olunacaq atıcılıq yarışları Biləcəri qəsəbəsində yerləşən Bakı Atıcılıq Mərkəzində keçiriləcək. Mərkəzdə idmanın güllə və stend atıcılığı növləri üzrə yarışların və məşqlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Bakı Atıcılıq Mərkəzinin funksional zonalarının sahəsi 123 min kvadratmetrdən artıqdır.

Mərkəzin Əməliyyatlar üzrə meneceri Arnaud Kren-Larvor SİA-ya açıqlamasında bildirib ki, Bakı Atıcılıq Mərkəzi dünyanın ən böyük atıcılıq arenalarından biridir. Onun sözlərinə görə, burada 10, 25, 50 və 300 metr məsafəyə güllə atıcılığı üzrə poliqonlar var. 300 metrlik poliqonun I Avropa Oyunları zamanı istifadə edilməyəcəyini deyən mütəxəssis stend atıcılığı sahəsində idmanın dairəvi və səngər stend atıcılığı növü üzrə yarışların və məşqlərin keçirilməsi üçün biri final yarışları üçün nəzərdə tutulan 5 atış meydançasının mövcud olduğunu bildirib. O, I Avropa Oyunları zamanı Mərkəzdə yarışların iyunun 16-dan 22-dək keçiriləcəyini qeyd edib: "I Avropa Oyunlarında Bakı Atıcılıq Mərkəzində 320 idmançının mübarizə aparacağı gözlənilir. İdmançılar 15 qızıl medal və Rio-2016 Yay Olimpiya Oyunlarına kvalifikasiya uğrunda yarışacaqlar".
Qeyd edək ki, Bakı Atıcılıq Mərkəzinin ərazisi 19,6 hektardır. Mərkəzin binasında kafe, VİP gözləmə və istirahət, idarəetmə, tədris, dopinq yoxlama, silahsaxlama otaqları, konfrans zalı, mətbuat mərkəzi, tibb məntəqəsi və fitnes zalı fəaliyyət göstərir. Burada 495 avtomobil yerlik yerüstü, həmçinin 26 avtomobil yerlik VİP dayanacaqlar var. Mərkəz yüksəksürətli internetlə təchiz olunub.
Bakı Atıcılıq Mərkəzinin ərazisində 4 mərtəbə və terrasdan ibarət müasir tələblərə cavab verən mehmanxana da inşa olunub.
Nəzərinizə çatdıraq ki, Bakı Atıcılıq Mərkəzində aprel ayının əvvəlində test yarışı keçirilib. Azərbaycan idmançılarının qatıldığı yarışdan sonra bir daha məlum olub ki, Mərkəz "Bakı-2015" I Avropa Oyunlarına tam hazırdır".
Elgün Vidadioğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB