“Bavariya”-“Barselona” qarşılaşması necə nəticələnəcək?

“Bavariya”-“Barselona” qarşılaşması necə nəticələnəcək?

Bu gün Almaniyanın Münhen şəhərində "Bavariya" ilə "Barselona" klubları arasında Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunu keçiriləcək. Münhen klubunun qarşısında çətin vəzifə durur. O, rəqib qapısına azı 3 qol vurmaqla yanaşı, öz qapısını da toxunulmaz saxlamalıdır.

"Bavariya" Almaniya çempionatını vaxtından əvvəl qazandıqdan sonra sanki qara zolağa düşüb. Klub artıq ardıcıl olaraq dördüncü dəfədir ki, müxtəlif turnirlərdə məğlub olur. Bu, Xosep Qvardiolanın karyerasında görünməmiş hadisədir. Məğlubiyyətlərin ən acınacaqlısını isə məşqçi bir həftə bundan qabaq özünün keçmiş klubu "Barselona"dan alıb. İspaniya klubu Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda "Bavariya"nı 3:0 hesabı ilə məğlub edərək almanları demək olar ki, final şanslarından məhrum edib.

Buna baxmayaraq, nə baş məşqci, nə də yetirmələri təslim olmaq fikrində deyillər. Xosep Qvardiola barəsində yayılan istefa xəbərlərini təkzib edib, futbolçular isə "Barselona"nı cavab oyununda darmadağın etməyə qadir olduqlarını bildiriblər.

Qeyd edək ki, "Bavariya" klubu bir qədər əvvəl "Portu" ilə cavab oyunundan öncə oxşar vəziyyətə düşsə də, nəticədə rəqibini darmadağın etməyi bacarmışdı. Amma "Barselona" hər halda "Portu" deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə