Bu gün Bakı 2015, I Avropa Oyunlarının Avropanın hüdudlarından kənarda yayımını təmin etmək üçün növbəti televiziya müqaviləsinin imzalandığını açıqlayıb. Avropa Oyunları Əməliyyat Komitəsindən SİA-ya verilən xəbərə görə, bu müqavilə, Kubanın "Instituto Cubano de Radio y Television" televiziya kanalı (ICRT) ilə bağlanıb.
Kanal, Kubada 3.8 milyon evi ödənişsiz yayım ilə təmin edir və eyni zamanda, gələn il Rio de Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarının Kubada rəsmi yayımçısıdır.
"Bakı 2015"in əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq deyib: "Bu, Latın Amerikası ölkələri ilə bağladığımız ilk müqavilədir, lakin mən, bunun son müqavilə olmayacağına əminəm. Kuba, böyük idman tarixinə malik ölkədir və mən, ICTR tamaşaçılarının Bakıdakı tədbiri izləməkdən zövq alacaqlarına şübhə etmirəm. Birinci Avropa Oyunları ICRT-nın Olimpiya Oyunları yayımını mükəmməl şəkildə tamamlayacaq. Bakı 2015 proqramında olan 16 Olimpiya idman növündən 12-si Rio 2016 Yay Olimpiya Oyunları üçün təsnifat imkanları təqdim edəcək, bu isə Oyunlar arasındakı ahəngin göstəricisidir".
Kuba, Avropa Oyunlarının geniş yayımını həyata keçirəcək digər ölkələr - Birləşmiş Ştatlar və Kanada, ərəb ölkələri, Hindistan, Çin, Honq Konq və Avstraliyanın sırasına qoşulur.
ICRT tərkibində olan "Canal Tele Rebelde"nin baş direktoru cənab Roberto Qonzales əlavə edib: "Mən Kuba xalqının bu cür yeni və önəmli idman tədbirindən zövq alacağına əminəm. Bizim tamaşaçılarımızın idmana böyük sevgisi var və Bakı 2015 Avropa Oyunları, bizim mötəbər beynəlxalq idman yarışları portfelimizdə Olimpiya Oyunları ilə yanaşı, idmana maraq yaradılmasında mühüm rol oynayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB