“Naxçıvan-2015” turniri davam edir

“Naxçıvan-2015” turniri davam edir

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş "Naxçıvan-2015" Beynəlxalq Şahmat Festivalının 7-сi turu maraqlı oyunlarla yadda qalıb. "A" turnirində mübarizə aparan və aktivində 2 xal olan Naxçıvan şahmatçısı, FİDE ustası Pərviz Qasımov bu turda beynəlxalq usta Ülviyyə Fətəliyeva, qədim diyarın digər yetirməsi, FİDE ustası Ürfan Sevdimalıyev isə beynəlxalq usta Xəyalə Abdulla ilə qarşılaşıb. Hər iki görüş naxçıvanlı şahmatçıların qələbəsi ilə başa çatıb.

Qrupun liderlərindən biri – gürcüstanlı qrossmeyster Levan Pantsulaya bu turda hollandiyalı qrossmeyster Sergey Tivyakovla üz-üzə gəlib və görüş "sülh"lə başa çatıb. Aktivində 5 xal olan azərbaycanlı qrossmeyster Eltac Səfərli də bu turu heç-heçə ilə başa vurub. O, digər azərbaycanlı qrossmeyster Qədir Hüseynovla xalları yarı bölüb. Liderlər qrupunda qərarlaşan iranlı qrossmeyster İdani Pouya azərbaycanlı qrossmeyster Azər Mirzəyevdən üstün olub.

Beynəlxalq Şahmat Festivalının 7-ci turunda "B" turnirinin lideri Rəşad Zeynallı Toğrul Həsənzadə ilə üz-üzə gəlib. Bu görüşdə Toğrul Həsənzadə rəqibi ilə heç-heçə edib.

Turun digər maraqlı görüşlərində Məhəmməd Muradlı Ramil Cavadova, Elnur Əliyev isə iranlı şahmatçı Behranq Kabudiyə qalib gəliblər. Bu qələbə sayəsində M.Muradlı liderlər qrupuna daxil olub. Onun, habelə Rəşad Zeynallı, Behranq Kabudi və Vəli Zeynalzadənin də aktivində 6 xal var.

Festivalın "C" turnirinin 7-ci turu lider Mətin Mürsəllinin xal itkisi ilə yadda qalıb. O, azərbaycanlı şahmatçı Vahid Həsənzadə ilə xalları yarı bölməli olub. Naxçıvan şahmat məktəbinin yetirməsi Siyavuş Bağırov da bu turda cəbrayıllı həmkarı ilə "sülh" bağlayıb. Kənan Şərifzadə isə Altay Eynullayevə məğlub olub.

Bu turda 7 yaşlı Vaqif Cabbarlı oyunu ilə diqqət çəkib. O, reytinq əmsalı 1418 olan Vahid Həsənlini məğlub edib.

Bu nəticələrdən sonra Mətin Mürsəlli 6,5 xalla yenə liderliyini davam etdirir.azərtac

Bütün xəbərlər Facebook səhifəmizdə