İçərişəhər "Bakı-2015"in qonaqlarını gözləyir

İçərişəhər "Bakı-2015"in qonaqlarını gözləyir

Ölkəmizdə keçiriləcək "Bakı-2015" ilk Avropa Oyunları zamanı Azərbaycana gələn xarici turistlərin üz tutacağı məkanlardan biri də qədim İçərişəhər olacaq. Qqədim şəhəri gəzməyə gələn əcnəbi turistlər məlumatsız qalmayacaqlar. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, İçərişəhərdə onun tarixi ilə tanış olmaq üçün 4 məlumat məntəqəsi mövcuddur. Bu məntəqələrdə turistlərə bir çox xidmətlər təklif olunur. Onlardan biri "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin audiobələdçi xidmətidir. Audiobələdçilər vasitəsilə İçərişəhər haqqında Azərbaycan, rus, ingilis, fransız və alman dillərində məlumat əldə etmək mümkündür.

Əcnəbi qonaqların asudə vaxtının səmərəli təşkili üçün İçərişəhərdə həyata keçirilən layihələrdən biri də elektromobillər vasitəsilə turların təşkilidir. Elektromobillərdən istifadə etməklə qədim şəhəri çox asanlıqla gəzmək və məlumat əldə etmək mümkündür.

Xarici qonaqlara yardımçı olmaq üçün I Avropa Oyunları zamanı İçərişəhərdə könüllülər də fəaliyyət göstərəcək. Xüsusi geyimlərdə olan könüllülər qonaqların daha çox olduğu yerlərdə dayanaraq, turistlərə, eləcə də yerli sakinlərə lazımi yardım göstərəcək, istiqamətləndirəcək, İçərişəhər, burada təşkil olunan müxtəlif festival və tədbirlərlə bağlı sualları cavablandıracaqlar.

Bundan başqa, qoruq ərazisində müxtəlif tədbirlər keçiriləcək. Onlardan biri də ənənəvi Qız qalası Beynəlxalq incəsənət festivalıdır. Bu il festival 6-cı dəfə təşkil olunacaq. Qeyd edək ki, ötən illər ərzində bu festivalda 60-dan çox ölkədən yüzdən artıq rəssam iştirak edib. Bu il festival "Bakı 2015" I Avropa Oyunlarının keçiriləcəyi tarixə uyğunlaşdırılaraq iyunun 11-dən 14-dək təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə