"Bakı-2015" I Avropa Oyunlarının stolüstü tennis və badminton yarışları Bakı İdman Sarayında keçiriləcək. SİA-nın məlumatına görə, bu idman arenasında yenidənqurma işləri artıq başa çatıb. Burada Olimpiya və Paralimpiya oyunlarının keçirilməsi üçün hər cür şərait yaradılıb.
Bakı İdman Sarayının əməliyyatlar meneceri Faiq Hüseynov qeyd edib ki, arenada quraşdırılan yeni sistemlər, fövqəladə hallar üçün müəyyən səs siqnalları və göstərişlər sınaqdan keçirilib. Onun sözlərinə görə, Bakı İdman Sarayında iyunun 13-19-da stolüstü tennis, iyunun 22-28-də isə badminton yarışları təşkil olunacaq. Menecer bildirib ki, Oyunlar müddətində burada media nümayəndələri üçün mətbuat mərkəzi və konfrans zalı da fəaliyyət göstərəcək.
Qeyd edək ki, burada "Bakı-2015" I Avropa Oyunları Təşkilat Komitəsi əməkdaşlarının iş və istirahət otaqları, iclas və toplantı zalları da var. İdman qurğusunda püşkatma zalı, idarə heyətinin iş, müsahibə, VİP qonaqların gözləmə və yarışları izləmə, beynəlxalq federasiya nümayəndələrinin işçi, eləcə də səs sistemlərinin idarə edilməsi və yarışların əlaqələndirilməsi otaqları da fəaliyyət göstərəcək. Arenada müasir liftlər quraşdırılıb. Bakı İdman Sarayının tamaşaçı tutumu 1736 nəfərdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB