Lənkəranda voleybol yarışları keçirilib

İdman tədbirləri Ulu Öndər Heydər Əliyevin doğum gününə həsr olunub
Lənkəranda voleybol yarışları keçirilib

Lənkəran şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş voleybol idman növü üzrə ali və orta ixtisas məktəblərinin tələbə qızlardan ibarət komandaları arasında rayon birinciliyi keçirilib. SİA-nın Cənub bürosunun məlumatına görə, yarışdan öncə Lənkəran şəhər Gənclər və İdman İdarəsinin əməkdaşları və tələbələr Heydər Əliyev Muzeyini ziyarət etdiblər. Burada tələbələri Ümummilli Lider Heydər Əliyevin genişmiqyaslı fəaliyyətini əks etdirən fotosənədlərlə tanış etməklə yanaşı onlara Heydər Əliyevin siyasi irsi haqqında geniş məlumat verilib.

Daha sonra Lənkəran Tibb Kollecinin idman meydançasında baş tutan yarışı giriş sözüylə açan Lənkəran Gənclər və İdman İdarəsinin rəisi Yalçın Əhmədov bildirib ki, Ulu Öndərin əziz xatirəsi hər bir gəncin qəlbində daim yaşayacaqdır. Yarışın hakimi Fəzail Əbilov tərəfindən keçirilən püşkatmanın nəticələrinə əsasən ilk oyun Lənkəran Dövlət Universiteti və Lənkəran Dövlət Humanitar Kollecinin komandaları arasında baş tutub.

Oyunların nəticələrinə əsasən Lənkəran Tibb Kolleci birinci, Lənkəran Dövlət Humanitar Kolleci ikinci, Lənkəran Dövlət Universitetinin komandası isə üçüncü yerə layiq görülüblər. Komandalara Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəisi Yalçın Əhmədov tərəfindən diplomlar və qalib komandaya kubok təqdim olunub.

Yarışda 38 idmançı iştirak ediib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə