Fəxriyar Cabbarov: "Şəmkiri dünyanın şahmat üzrə mərkəzinə çevirdik" MÜSAHİBƏ

Fəxriyar Cabbarov: "Şəmkiri dünyanın şahmat üzrə mərkəzinə çevirdik" MÜSAHİBƏ

Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2015" superturnirinin təşkilat komitəsinin sədri, "Synergy Group" ASC-nin İdarə Heyəti sədrinin I müavini Fəxriyar Cabbarov turnirin rəsmi saytına müsahibə verib. SİA həmin müsahibəni təqdim edir:

- Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2015" turniri başa çatdı. Turnirin yekunu barədə nə deyə bilərsiniz?

- Ardıcıl ikinci dəfə keçirilən Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2015" superturniri tarixə çevrildi. Şahmat həvəskarları 10 gün ərzində Şəmkirdə bir-birindən maraqlı partiyalar izlədilər. Turnirə maraq gözləniləndən çox oldu. Bu günlər ərzində yarışın işıqlandırılması sərhədlər tanımadı. İngiltərə, Fransa, İtaliya, Hindistan, Rusiya, Türkiyə televiziya kanalları turnirdən reportajlar hazırlayaraq yüksək şəkildə işıqlandırdılar. Eyni zamanda, müxtəlif xarici və yerli qəzet və saytlar turniri diqqət mərkəzində saxladılar. Hər gün çoxlu sayda gənclər məşhur şahmatçıları izləmək üçün Şəmkirdəki Heydər Əliyev mərkəzinə gəldilər. Bütün sadalanan amillər bizi sevindirir. "ShamkirChess 2015" turnirinə olan maraq Azərbaycanın istənilən idman yarışını yüksək səviyyədə keçirməyə qadir olduğunu növbəti dəfə nümayiş etdirdi. Şəmkirdəki xarici qonlarlar da superturnirin təşkilatçılığını yüksək qiymətləndirdilər. Bu o deməkdir ki, biz öz istəyimizə nail olduq.

- Şahmatçılar, eləcə də mütəxəssislər turnirin təşkilatçılığını yüksək qiymətləndirdilər. Maraqlıdır, təşkilatçılar "ShamkirChess 2015" superturnirini keçirmək üçün hansı çətinliklərlə üzləşiblər?

- Ötən il ilk dəfə şahmat üzrə superturnir keçirdiyimiz zaman müəyyən çətinliklər olurdu. Amma bu dəfə müəyyən mənada təcrübəmiz var idi. Heç bir çətinlik olmadı. Yarışın keçirilməsi üçün "Synergy Group" tərəfindən yaradılan peşəkar komanda mükəmməl çalışdı. Məşhur şahmatçılar, onların məşqçilərinin ölkəmizdən məmnun ayrılması bizi çox sevindirir. Eyni zamanda, digər mötəbər beynəlxalq şahmat turnirlərinin direktorları da bu tədbirdə qonaq qismində iştirak edirdilər. Onlar da bu turnirin yüksək peşəkarlıqla keçirildiyini bildirdilər. 10 gün ərzində biz Azərbaycanı, eləcə də Şəmkiri dünyanın şahmat üzrə mərkəzinə çevirdik.

Bildiyiniz kimi turnir canlı olaraq bizim rəsmi səhifədə (www.shamkirchess.az) göstərilirdi. Dünyanın hər bir yerindən kifayət qədər çox şahmat sevən canlı olaraq oyunları izlədi. Turnirin 3 dildə şərh olunması (Azərbaycan, Rus, İnglis) isə daha geniş auditoriyanı cəlb etməyə köməklik etdi. Eyni zamanda, texniki imkanlarımızı nəzərə alaraq turnir canlı olaraq digər şahmat saytlarında göstərilirdi və şahmat sevərlər üçün oyunların müzakirəsinə xüsusi forumlar yaradılırdı. "Chessbomb", "chessbase", "chess24" və s. saytlarını qeyd etmək olar. Sevindirici haldır ki, qeyd etdiyimiz saytlar superturniri canlı olaraq öz səhifələrində yayımlamaqla daha geniş auditoriyaya çıxmağa imkan yaratdılar.

- Saytın izləyiciləri say baxımından təxminən nə qədər idi?

- Bunu dəqiq demək asan deyil, çünki canlı olaraq bir sıra saytlarda turnir göstərilirdi. Hər bir halda 10 gün ərzində rəsmi sayta 1.4 milyondan artıq şahmat sevərin diqqətini cəlb etdik. Coğrafi baxımdan bölgünü qeyd etsək, sayta sadəcə Azərbaycandan deyil, eyni zamanda on minlərlə insan Norveç, ABŞ, Fransa, Almaniya, Rusiya, Filippin, Hindistan və digər ölkələrdən daxil olurdular. Digər saytlara nəzər salsaq görərik ki, canlı olaraq bizim turnirə sadəcə "chessbomb" saytından 3.7 milyon şahmatsevər baxıb. Analoji olaraq bu rəqəm digər saytlarda da təxminən eynidir. Bu rəqəmin belə yüksək olması bizim üçün sevindirici haldır ki, superturnir hətta digər saytların köməyi ilə milyonlarla şahmat sevərin diqqətində olub və bu tədbirin işıqlandırılması daha geniş əhatəni cəlb edib.

"ShamkirChess 2015"in qonaqları arasında olan bir çox şahmat mütəxəssisləri və təşkilatçılar saytların belə aktiv olmasını və bu qədər çox yüksək nəticə göstərməsini gözləmirdilər. Bu, bizim üçün təbii ki, sevindirici haldır və əminik ki, 10 gün ərzində Azərbaycanı, eləcə də Şəmkiri dünyanın şahmat mərkəzinə çevirə bildik.

- Ulduz idmançıların hər zaman özəl şərtləri olur. Turnir zamanı belə hadisə ilə rastlaşdınız?
- Ötən il ilk dəfə turnir keçirəndə tanınmış qrossmeysterlər Şəmkirə gəlməkdə bir qədər tərəddüd edirdilər. Amma bu il dəvət olunan hər bir şahmatçı böyük məmnunluqla müsbət cavab verdi. Biz ötən il yüksək təşkilatçılıqla bəlli hədəf müəyyənləşdirdik. Bu il də həmin hədəfə nail olduq. Şahmatçıların istəkləri arasında qeyri-adi heç bir şey olmadı.

- Mətbuatda dünya çempionu Maqnus Karlsenin Şəmkirə aşbazı ilə birgə gəldiyi yazılmışdı. Bu, sizi təəccübləndirmədi?

Maqnus Karlsen Şəmkirdə olduğu zaman çoxlarının rəğbətini qazandı. O, əvvəlcədən aşbazı ilə gəlmək istədiyini bildirdi. Biz də ona yardımçı olduq. Dünya çempionunun tez-tez səfərdə olması komandasına aşbazın cəlb olunmasına səbəb olub. Karlsen özü bela əsaslandırmışdı.

- Turnirin nəticələrinə baxdıqda, Azərbaycan şahmatçılarının iştirakından razısınızmı?

- Şəmkirdə rəqabət çox güclü oldu. Yalnız güclülərin yarışdığı turnirdə iki həmyerlimiz də mübarizə apardı. Sözsüz ki, Rauf Məmmədov üçün bu turnir asan alınmadı. Fikrimcə, Rauf böyük təcrübə qazandı. O, Azərbaycan çempionu kimi turnirə dəvət olunmuşdu. Şəhriyar Məmmədyarovun çıxışını isə normal qiymətləndirirəm. Sabiq dünya çempionu Vladimir Kramniklə partiyadan qələbə ilə ayrılmaqla Şəhriyar çoxlarına sevinc bəxş etdi. Şahmatçılarımızın çıxışı normal oldu. Lakin ümid edirik ki, gələcək turnirlərdə daha yüksək nailiyyət qazana biləcəklər.

-Turnir cədvəlində yekun sıralamanın belə olacağını gözləyirdiniz?

- Maqnus Karlsen çox yaxşı oynadı və layiqli olaraq "ShamkirChess 2015" turnirinin qalibi oldu. ABŞ təmsilçisi Uesli So ilk 4 turda liderlik keyfiyyətləri göstərdi. Vişvanatan Anand, Uesli So və Fabiano Karuana da çox yaxşı oyun sərgilədilər. Karuananın böyük potensialı olduğu hamıya məlumdur. Bu il onun yüksək yerlər tutacağını öncəki müsahibələr zamanı söyləmişdim. Turnirin qalibi olmasa da, açıq və maraqlı mübarizə ilə rəğbət qazanıb.

- Gələn il "ShamkirChess" turnirinin keçirilməsi gözlənilirmi?

- "Synergy Group" hər zaman Azərbaycanda idmanın inkişafına diqqət göstərir. Ümid edirik ki, Vüqar Həşimovun xatirəsinə həsr olunan turnir ənənəvi xarakter daşıyacaq. İlin sonunda 2016-cı il ilə bağlı işlər müzakirə ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə