VeloParkda ağacəkmə kompaniyası keçirilib FOTOSESSİYA

VeloParkda ağacəkmə kompaniyası keçirilib FOTOSESSİYA

Bu gün "Bakı-2015" I Avropa Oyunlarının rəsmi tərəfdaşı "Coca-Cola" şirkəti, ADA Universiteti və Azərbaycan Velosiped İdmanı Federasiyası birgə həyata keçirdikləri irimiqyaslı ekoloji aksiya çərçivəsində yaz mövsümündə VeloParkda 4000 ağac əkilməsi kompaniyasını başa çatdırıblar. "Bakı-2015" I Avropa Oyunlarının proqramına daxil olan BMX velosiped növü üzrə yarışlar məhz bu VeloParkda keçiriləcək.

SİA-nın məlumatına görə, geniş bir sahəni əhatə edən bu yaşıllaşdırma aksiyasında "Baku-2015" Avropa Oyunlarının Təşkilati Komitəsinin, "Coca-Cola" şirkətinin, ADA Universitetinin, Azərbaycan Velosiped İdmanı Federasiyasının nümayəndələri və mayın 6-10-da təşkil olunacaq "Tour d’Azerbaïdjan-2015" beynəlxalq velosiped turunda iştirak edəcək "Synergy Baku Cycling Project" komandasının üzvləri iştirak ediblər.

Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov Veloparkda toplanmış aksiya iştirakçılarını salamlayaraq bildirib ki, bu ərazidə abadlıq işlərinin aparılması haqda ilk dəfə Ulu Öndər Heydər ƏIiyev göstəriş verib: "Bu ərazi çoxlarına yaxşı tanışdır. Əvvəllər burada daş karxanası yerləşirdi. Ötən əsrin 70-ci illərində Ulu Öndər Heydər Əliyev burada abadlıq işlərinin aparılması və ərazidə park salınması barədə göstəriş verib. Bu parkda onun özünün şəxsən əkdiyi ağacları da görmək olar. Təəsüflər olsun ki, 90-cı illərin əvvəllərində baxımsızlıq üzündən bu ərazidə agacların xeyli hissəsi quruyub sıradan çıxmış, park bərbad hala düşmüşdü. Üç il əvvəl Azərbaycan Velosiped İdmanı Federasiyası bu parkı öz himayəsinə götürdü və burada abadlıq işləri aparmağa başladı. Velosipedçilərimizin məşq edə bilmələri üçün burada 4 velomarşurut yaradıldı. Bir qədər sonra ölkə prezidenti İlham Əliyev bu ərazidə Velopark yaradılmasına qərar verdi. Avropa Oyunları ərəfəsində isə burada Olimpiya standartlarına cavab verən gözəl bir BMX stadionu inşa olundu. Biz fəxr edirik ki, velosipedçilərimiz belə gözəl bir bazaya malikdirlər. Son üç ildə bu parkda 30.000-dən çox ağac və bəzək kolu əkilib. Son bir neçə həftə ərzində isə "Coca-Cola" şirkəti və ADA Universiteti tərəfindən burada daha 4.000 ağac əkilib və biz ümidvarıq ki, belə tədbirlər gələcəkdə də davam etdiriləcək".

"Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə Baş direktoru Saymon Kleq Oyunlara dəstək verən bütün tərəfdaşlara təşəkkürünü bildirərək qeyd edib ki, tərəfədaşların Bakıda keçiriləcək ilk Avropa Oyunlarına bu cür dəstəyi çox sevindiricidir: "2012-ci ilin dekabrında Bakının ilk Avropa Oyunlarına ev sahibliyi edəcəyi məlum olan kimi, biz bütün səylərimizi bu Oyunların Azərbaycanda dəyərli bir irs qoymasına yönəltdik. 29 ay hazırlıq müddətində çoxlu sayda gənc Azərbaycan mütəxəssisi beynəlxalq səviyyəli yarışların keçirilməsində yeni təcrübə və bacarıqlar əldə ediblər. İnsan kapitalı irsindən başqa, Avropa Oyunları Azərbaycana digər sahələrdə də böyük töhvə verəcək ki, onlardan biri də bu gün bizim tərəfdaşlarımız "Coca-Cola" şirkəti və ADA Universitetinin dəstəyi ilə həyata keçirilir".

Azərbaycan "Coca-Cola Bottlers" MMC-nin Baş müdiri Cem Becel təmsil etdiyi qurumun dünyanın ən nüfuzlu şirkətlərindən biri olaraq Azərbaycanın davamlı inkişafına verdiyi töhvədən danışıb: "Ağac əkilməsi bizim Azərbaycanda həyata keçirdiyimiz ekoloji siyasətimizin mühüm hissəsidir. 2014-cü ildə "Coca-Cola" şirkəti ADA Universiteti ilə birgə 2020-ci ilədək 100,000 ağacın əkilməsini nəzərdə tutan uzunmüddətli ekoloji proqrama start verdi. Bu proqrama "Bakı-2015" Avropa Oyunlarının idman obyektlərindən biri olan VeloParkın da daxil edilməsinə çox şadıq. Velosiped idmanı üzrə beynəlxalq və milli yarışların keçiriləcəyi VeloPark Bakının ən gözəl guşələrindən birinə çevrilməkdədir. "Bakı-2015" Avropa Oyunlarının rəsmi tərəfdaşı kimi, ilk Avropa Oyunlarının uğurla keçirilməsinə dəstək olmaqdan çox məmnunuq. Bu Oyunların ölkəmizin və insanların həyatında müsbət dəyişikliklərə səbəb olacağına inanırıq".

"Coca-Cola" şirkətinin nümayəndəsi onu da bildirib ki, ADA Universiteti ilə birgə həyata keçirilən "Ağac Əkək, Təbiətə Pay Verək" adlı ekoloji proqramın məqsədi Abşeron yarımdamasının müəyyən edilmiş ərazilərində yaşıllıq zolaqlarının artırılması ilə ətraf mühitin inkişafına nail olmaqdır. Bu ilin sonunadək "Coca-Cola" şirkəti və ADA Universiteti birlikdə 20.000 ağacın əkilməsini planlaşdırır. Bu ekoloji proqramın digər maraqlı özəlliyi isə ağacların damcı suvarma sistemi ilə təchiz olunmasıdır ki, bu da öz növbəsində su ehtiyatlarından qənaətlə istifadəni nəzərdə tutur. Sözügedən ekoloji proqram vasitəsilə Abşeronda meşə zolaqlarının artması su ehtiyatlarının bərpasına müsbət təsir göstərəcək və ərazilərin eroziyaya məruz qalmasının qarşısı alınacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə