Üzgüçülük üzrə beynəlxalq yarış başladı FOTOLAR

Üzgüçülük üzrə beynəlxalq yarış başladı FOTOLAR

Xaçmaz Olimpiya İdman Kompleksində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar təşkil olunan 5 ölkədən 80-dən çox idmançının qatıldığı üzgüçülük üzrə beynəlxalq turnirə start verilib. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, yarışın açılış mərasimində Azərbaycan Gənclər və İdman Nazirliyinin sektor müdiri Nicat Həsənov, Azərbaycan üzgüçülük federasiyasının baş katibi Fərid Bənəniyarlı çıxış edərək Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş ənənəvi yarışın əhəmiyyətindən danışıblar. Bildirilib ki, son illər Azərbaycanda bir sıra mötəbər idman yarışları keçirilib. İyun ayında Bakıda keçiriləcək Birinci Avropa Oyunlarında milli olimpiya komitələrini təmsil edən 6000-dən çox avropalı idmançı qüvvəsini sınayacaq.

Həmçinin məlumat verilib ki, yarışda Azərbaycanla yanaşı Rusiya, Qazaxıstan, Gürcüstan və Qırğızıstandan idmançılar iştirak edir.

Açılış mərasimindən sonra idmançılar mübarizəyə başlayıb. Turnirdə 1997-1998-ci il təvəllüdlü və daha kiçik yaş qrupları üzrə idmançılar yarışır. Azərbaycan komandası birinciliyə 38 idmançı ilə qatılıb. Gürcüstan 20, Qazaxıstan 10, Qırğızıstan 10, Rusiya komandası isə 4 üzgüçü ilə medallar uğrunda mübarizə aparır.

Qeyd edək ki, beynəlxalq turnirə mayın 6-da yekun vurulacaq.

Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə