I Avropa Oyunlarının məşəli Biləsuvarda

I Avropa Oyunlarının məşəli Biləsuvarda

"Bakı-2015" ilk Avropa Oyunlarının məşəli mayın 3-də Biləsuvara gətirilib. Əllərində dövlət bayrağımızı, birinci Avropa Oyunlarının atributlarını əks etdirən plakatlar tutan sakinlər məşəl yürüşünün iştirakçılarını qarşılamaq üçün şəhərin küçə və meydanlarına toplaşmışdılar.

Əvvəlcə Biləsuvar şəhərinin giriş qapısında məşəlin qarşılanma mərasimi oldu. Avropa Oyunlarının rəmzi qapısında rayonun fəal gənclərindən olan Səbinə Hüseynova məşəli qəbul etdi.

Sonra 10 məşəlçi Oyunların rəmzi qapısından 4 kilometr məsafədə yürüşə başladı. Məşəli növbə ilə bir-birinə ötürən idmançılar rayon sakinlərinin alqışları altında Nizami Gəncəvi, Tofiq İsmayılov, Mübariz İbrahimov və Səməd Vurğun küçələrindən keçərək şəhərin mərkəzi meydanına gəldilər. Meydana toplaşanlar birinci Avropa Oyunlarının məşəl estafetini qəbul edən idmançıları sürəkli alqışlarla qarşıladılar.

Kikboksinq üzrə dünya çempionu, peşəkarlar arasında Avropa kəmərinin sahibi, respublika Kikboksinq Federasiyasının baş məşqçisi Ehtram Məcidov məşəli Heydər Əliyev meydanında qurulmuş səhnəyə qaldırdı. Burada məşəli alovlandıran Ehtiram Məcidov birinci Avropa Oyunlarının çırağını yandıraraq sərbəst güləş üzrə respublika çempionu İqbal Aslanova təqdim etdi. İqbal Aslanov çırağı yarışlar başa çatana qədər rayonda saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verdi.

Mərasimdə aprelin 26-da Azərbaycan Prezidenti İlham Əliyevin, birinci xanım, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin iştirakı ilə Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.

Respublikanın tanınmış incəsənət ustalarının iştirakı ilə maraqlı konsert proqramı mərasimi daha da rövqnəqləndirdi.

Heydər Əliyev Mərkəzinin direktoru Gülmalı Gülalıyev bu əlamətdar hadisə münasibətilə təəsssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşərək dedi: "Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq aləmdə böyük nüfuza malik olduğunun daha bir göstəricisidir. Biz respublikamızın bu böyük uğuruna sevinir, hədsiz qürur hissi keçiririk. Bu əlamətdar hadisə Azərbaycanın tarixinə parlaq səhifə kimi həkk olunacaq".

Rayon sakini Nadir İlyasov isə birinci Avropa Oyunlarının məşəlinin qarşılanmasından duyduğu sevinci belə ifadə etdi: "Bu gün çox böyük qürur hissi keçiririk. Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi edəcək. Oyunların məşəlinin Biləsuvarda da şölələnməsi isə bu sevincimizi ikiqat artırır. Rayonumuzun belə mötəbər tədbirin bir hissəsi olmasından duyduğum sevinci sözlə ifadə etmək çətindir".

Birinci Avropa Oyunlarının məşəli Biləsuvardan sonra Cəlilabada yola salındı.

Bütün xəbərlər Facebook səhifəmizdə