Arif Əsədov: "Bəzi futbolçuların səviyyəsi “Neftçi”nin səviyyəsi ilə uzlaşmır"

Arif Əsədov: "Bəzi futbolçuların səviyyəsi “Neftçi”nin səviyyəsi ilə uzlaşmır"

Azərbaycan Premyer Liqasının XXXII turunda keçirilən "Neftçi" - "Sumqayıt" oyunu heç-heçə başa çatıb - 2-2. SİA-nın məlumatına görə, oyundan sonra hər iki komandanın baş məşqçisi qarşılaşma barədə fikirlərini bildiriblər:

Arif Əsədov ("Neftçi"nin baş məşqçisi): "İlk növbədə mən azarkeşlərdən üzr istəyirəm. "Neftçi" "Sumqayıt"ı məğlub etməlidir. Görünür, bəzi futbolçuların səviyyəsi "Neftçi"nin səviyyəsi ilə uzlaşmır. Bəzi futbolçular dərk etmir ki, hansı klubun formasını daşıyırlar. Odur ki, islahatlar həyata keçirməyin vaxtı çatıb. "Sumqayıt"ı təbrik edirəm, onlara gələn oyunlarda uğurlar arzu edirəm. Heyətdə problemlər var. Cinah müdafiəçiləri baxımından problemlərimiz mövcuddur. Məcburiyyətdən bir sıra oyunçuları özləri üçün yad olan mövqelərdə oynatdım. Mən özüm bilirəm ki, hansı futbolçular "Neftçi"yə layiqdir. Oyunçulara dedim ki, qarşıdakı oyunlar sizin üçün imtahandır. Futbolçular "Neftçi"də qalmağa layiq olduqlarını sübut etməlidirlər".

Aqil Məmmədov ("Sumqayıt"ın baş məşqçisi): "Son dəqiqələrdə qol buraxmağımız mənə pis təsir elədi. Ümumilikdə götürsək, maraqlı, baxımlı oyun alındı. Məndən başqa heç kim bizim oyundan narazı qala bilməz. Çatışmayan cəhət odur ki, qol imkanlarını tam dəyərləndirə bilmədik. Açığı, etdiyim əvəzetmələr uğurlu alınmadı. Meydançaya çıxan futbolçular gücümüzə güc qata bilmədilər".

Bütün xəbərlər Facebook səhifəmizdə