Paytaxtımızdakı Atəşgah məbədində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən alovlandırılan "Bakı-2015" I Avropa Oyunlarının məşəli bu gün səhər Naxçıvan Muxtar Respublikasına gətirilib. SİA-nın məlumatına görə, məşəli təyyarə ilə Naxçıvana gətirən olimpiya çempionu Rəfiqə Şabanova ilə birlikdə Muxtar Respublikaya "Bakı-2015"in rəsmiləri, xarici və yerli jurnalistlər də gəliblər. Qonaqlar burada "Duzdağ" duz mədənində və "Əshabi-Kəhf" ziyarətgahında olub, məşəli alovlandırıblar. Axşam saat 20:00-da isə Naxçıvandakı Koroğlu heykəlinin qarşısından Məşəl estafeti başlayıb və Heydər Əliyev prospekti ilə davam edib. Məşəl estafetinə Muxtar Respublikanın idmançıları da qoşulublar. Naxçıvan idmançılarından müvafiq olaraq Xanım Xudadanova, Əfqan Qurbanov, İbrahim Musayev, Kənan Əsədov, Sahil Rüsanov, Tural Gözəlov, Fəridə Hənifəyeva, Tamerlan Abdullayev, Səkinə İbrahimova, Gülxanım Cəlilova, Polad Əliyev alovu bir-birinə ötürərək Heydər Əliyev adına meydana gəliblər. İdmançılar ümumilikdə məşəli 4,1 km məsafə aparıblar. Burada P. Əliyev alovu Naxçıvanın gənclər və idman naziri Azad Cabbarova ötürüb və tədbir Alov fesivalı ilə davam edib. Festivalda çıxış edən nazir A. Cabbarov xalqımızı möhtəşəm idman bayramı münasibəti ilə təbrik edib, ölkəmizdə idmanın inkişafından danışıb. Estafeti və festivalı minlərlə insan izləyib. Festival bədii hissə ilə davam etdirilib. Tədbir atəşfəşanlıqla yekunlaşıb.
Qeyd edək ki, məşəl Naxçıvandan Lənkərana aparılacaq. "Bakı-2015" I Avropa Oyunlarının məşəli 48 gün ərzində Azərbaycanın 60 regionunu gəzdiriləcək. Məşəl Oyunların açılış mərasimində Bakı Olimpiya Stadionuna gətiriləcək.













Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB