Əsrin döyüşünə biletlər satılır 100 min dollara

Əsrin döyüşünə biletlər satılır 100 min dollara

ABŞ-ın Las-Veqas şəhərində (Nevada ştatı) Menni Pakyao və Floyd Meyuezer arasında mayın 2-də keçiriləcək döyüşün biletləri aprelin 23-də bir dəqiqə ərzində satılıb. Hazırda isə epik qarşıdurmanı izləmək istəyənlərə biletlər ikinci əldən on minlərlə dollara təklif olunur.

Rusiyanın NTV telekanalı xəbər verir ki, sərbəst satışa 16 min biletdən yalnız 500-1000-ni çıxarılıb. Qalanları isə boksçulara, sponsorlara və döyüşün keçiriləcəyi MGM Grand Garden Arenanın rəhbərliyinə veriləcək. Biletlərin rəsmi qiyməti 1,5 min dollardan 7,5 min dollara qədər olsa da, saytların birində ilk sıraya bilet 55 min dollardan, digərində isə 100 min dollardan baha satılır.

Bir çox ekspertin əsrin döyüşü adlandırdığı 12 raundluq qarşılaşmada 3 dünya çempionu titulu oynanılır. Belə ki, WBA və WBC versiyası üzrə dünya çempionu titulları 37 yaşlı Meyuezerə, WBO versiyası üzrə dünya çempionu titulu isə 35 yaşlı Pakyaoya məxsusdur. Nəticədən asılı olmayaraq amerikalının qonorarı 150 milyon dollar, Fillipin boksçusunun qonorarı isə 100 milyon dollar həcmində müəyyənləşib.

Görüşün boks yarışları tarixində yayım hüququnun satılması və televiziya auditoriyasının əhatəsi baxımından da rekord müəyyən edəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə