Avropa Oyunları zamanı parkinq vərəqələrinin veriləcəyi tarix müəyyənləşdi

Avropa Oyunları zamanı parkinq vərəqələrinin veriləcəyi tarix müəyyənləşdi

Bakı Şəhər İcra Hakimiyyətinin şəhər təsərrüfatı şöbəsinin müdiri Xalid Ələkbərov "Bakı-2015" ilk Avropa Oyunları zamanı idman obyektlərinə yaxın ərazilərdə yaşayan vətəndaşlara parkinq icazəsi vərəqələrinin verilmə tarixini açıqlayıb. SİA-nın məlumatına görə, o, icazə vərəqələrinin mayın 15-dən sonra veriləcəyini qeyd edib. İlk Avropa Oyunları zamanı Bakıda bütün yollara heç bir məhdudiyyətin qoyulmayacağını bildirən Xalid Ələkbərov vətəndaşların istədikləri ünvanlara rahat gedə biləcəklərini vurğulayıb. Bildirib ki, ictimai nəqliyyat Avropa Oyunları zamanı əvvəlki rejimdə fəaliyyət göstərəcək. O, parkinq vərəqəsi olmayan vətəndaşlara avtomobillərini qadağan olunan yerlərdə saxlamamalarının məsləhət görüldüyünü deyib. Şöbə müdiri əks halda həmin avtomobillərin evakuatorlar vasitəsilə cərimə meydançalarına aparılacağını vurğulayıb.

Şöbə müdiri qeyd edib ki, parkinq icazəsi vərəqələrini əldə etmək üçün vətəndaşlar müvafiq mənzil kommunal istismar sahələrinə müraciət etməlidirlər: "Onlar şəxsiyyət vəsiqəsinin, avtomobili təsdiq edən texniki pasportun surəti və yaşayış yerindən arayış təqdim etməklə bu vərəqələrə sahib ola bilərlər".

Xüsusi hazırlanmış parkinq icazəsi vərəqələrinin avtomobillərin ön şüşəsinə yapışdırılacağını bildirən Xalid Ələkbərov həmin vərəqə itdikdə və zədələndikdə yenisi ilə əvəz olunmayacağını diqqətə çatdırıb: "Həmin vərəqələrə Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları nəzarət edəcəklər. İdman obyektlərinin ətrafı xüsusi zonalara bölünüb. Həmin zonalara ayrıca giriş-çıxış məntəqələri var. Bu ərazilərdə xüsusi nişanlar quraşdırılacaq. Hər bir idman obyekti nömrələnib. Parkinq icazəsi vərəqəsində göstərilən nömrə obyektin nömrəsi ilə üst-üstə düşmədikdə həmin avtomobillər ərazidən uzaqlaşdırılacaq".

Yol kənarında avtomobillərin parkinq edilməsinin qanunsuz olduğunu bildirən şöbə müdiri ilk Avropa Oyunları ərəfəsində qanunu pozan vətəndaşlara böyük məbləğdə cərimələrin tətbiq ediləcəyini diqqətə çatdırıb.

Bütün parkinq ərazilərinin sxemi Bakı Şəhər İcra Hakimiyyəti və "Bakı-2015" ilk Avropa Oyunlarının saytında yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə