"Bakı-2015" üçün daha bir yeni arena FOTOREPORTAJ

"Bakı-2015" üçün daha bir yeni arena FOTOREPORTAJ

Məlum olduğu kimi, tarixdə ilk dəfə keçiriləcək I Avropa Oyunlarının ölkəmizdə yüksək səviyyədə təşkil olunması üçün bütün idman növləri və digər sahələrdə böyük hazırlıq işləri həyata keçirilir. Azərbaycan Velosiped İdmanı Federasiyası yarışlara hazırlıq məqsədilə idmançıların təlim-məşq toplanışları ilə yanaşı, bu sahə üzrə infrastrukturun da inkişafına xüsusi önəm verir. Bu günlərdə paytaxtda yerləşən Veloparkda velosiped idmanının BMX növü üçün böyük idman qurğusunun inşasının tamamlanması nəzərdə tutulub.

Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətinin rəhbəri Pərviz Musayevin Səs TV-yə verdiyi məlumata görə, BMX stadionu 600 tamaşaçı tutumuna malikdir. Federasiya rəsmisi bildirib ki, olimpiya standartlarına uyğun inşa olunan arenada 2 enmə zolağı var. Yeni arenada amerikalı ulduz Barri Noblesin sınaq yürüşləri həyata keçirdiyini qeyd edən P. Musayev idmançının yaradılan şəraitdən razı qaldığını vurğulayıb. Mətbuat xidmətinin rəhbəri federasiya əməkdaşlarının "Bakı-2015" I Avropa Oyunlarına gücləndirilmiş rejimdə çalışdıqlarını, bütün hazırlıq işlərinin yüksək səviyyədə həyata keçirildiyini deyib: "10 gün müddətində BMX stadionunda bütün işlər yekunlaşdırılacaq. Buranın I Avropa Oyunlarına hazırlıq səviyyəsini yoxlamaq üçün sınaq yarışları təşkil olunacaq".

Nəzərinizə çatdıraq ki, "Bakı-2015" I Avropa Oyunlarında BMX üzrə 32 kişi, 16 qadın idmançı mübarizə aparacaq. Bu növ üzrə yarışlar iyunun 26-ı, 27-i və 28-də keçiriləcək.

Bu növ haqqında bilməyənlər üçün qısaca olaraq qeyd edək ki, velosiped motokrosu və ya BMX start xəttindən istifadə edən və maneələri olan cığırlarda motokros stilində yarışılan idman növüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə