"Bakı-2015"in test turniri: 16 qızıl, 14 gümüş və 23 bürünc medal

"Bakı-2015"in test turniri: 16 qızıl, 14 gümüş və 23 bürünc medal

Heydər Əliyev adına İdman-Konsert Kompleksində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir başa çatıb. Ötən ilki yarışlardan fərqli olaraq bu dəfəki turnir iyun ayında Bakıda keçiriləcək ilk Avropa Oyunlarının güləş yarışlarına test xarakteri daşıyırdı.
SİA-nın məlumatına görə, yarışda Azərbaycan pəhləvanları ilə yanaşı, Ukrayna, İran, Özbəkistan, Gürcüstan, Slovakiya, Türkmənistan, Macarıstan, Qazaxstan, Qırğızıstan, Rusiya, Belarus və Türkiyə güləşçiləri iştirak edib. Ümumilikdə, 13 ölkədən 500-ə yaxın idmançının mübarizə apardığı yarışda güləşçilərimizin çıxışını uğurlu hesab etmək olar. Belə ki, 4 gün davam edən yarışı yığma komandamızın üzvləri 16 qızıl, 14 gümüş və 23 bürünc olmaqla ümumilikdə 53 medalla başa vurub.
Yeniyetmə yunan-Roma güləşçilərimiz 3 qızıl, 8 gümüş və 9 bürünc medal qazanaraq ilk yarış gününə damğa vurublar. Yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığma komandamızın üzvləri ikinci yarış günündə mübarizəyə qoşulublar və günü 4 qızıl, 2 gümüş, 3 bürünc medalla başa vurublar. Turnirin son iki günündə yarışan sərbəst güləşçilərin qazandığı 24 medaldan, 4 qızıl, 3 gümüş və 8 bürüncü yeniyetmələrin, 5 qızıl, 1 gümüş və 3 bürüncü isə gənclərin payına düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə