Maqnus Karlsen: "Karuana üzərində qələbə layiqli oldu"

Maqnus Karlsen: "Karuana üzərində qələbə layiqli oldu"

Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2015" turnirinin III turunda dünya çempionu Maqnus Karlsen İtaliya təmsilçisi Fabiano Karuana üzərində qələbə qazanıb. SİA-nın məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında şahmatçılar partiya haqda fikirlərini söyləyiblər.
Norveçli dünya çempionu Karuana ilə görüşə ciddi hazırlaşdığını deyib: "Ötən il Şəmkirdə keçirilən turnirin ilk dövrəsində məğlub olmuşdum. Amma revanş barədə qəti düşünmürəm. Sadəcə yaxşı oynamaqla qələbə qazanmaq istəyirdim. Etiraf edim ki, ciddi hazırlaşmışdım. Holland müdafiəsindən istifadə etdim. Rəqibin vaxtla bağlı problemi var idi. Belə rahat oynamaq mümkündür. Məşqçinin dediklərini etdim və sonra artıq partiyanı uğurlu sonluğa çatdırmaq lazım idi. Qələbə layiqli oldu".
Fabiano Karuana Karlsenlə görüşdə fikirləşdiyi gedişləri etmədiyini bildirib: "Maqnus Karlsen oyuna ciddi hazırlaşmışdı. Mən istədiyimi edə bilmədim. Fərqli oyun olmalı idi. Lazımi gedişləri etmədim. Partiyanın başlanğıcı alınmadı. Debütdə problemlər oldu. Ardınca vaxt problemim yarandı. Çalışırdım heç olmasa, heç-heçə edim. Mümkün olmadı. Tez bir zamanda bu oyunu unutmalıyam".

Bütün xəbərlər Facebook səhifəmizdə