Rauf Məmmədov: "Şəmkirdə bütün rəqiblər güclüdür"

Rauf Məmmədov: "Şəmkirdə bütün rəqiblər güclüdür"

Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2015" superturnirində ilk turda Fransa şahmatçısı Maksim Vaşye-Laqravla heç-heçə oynayan azərbaycanlı qrossmeyster Rauf Məmmədov turnir və ilk turdakı qarşılaşması haqda fikirlərini bildirib. SİA-nın məlumatına görə, o, Şəmkirdə təşkilatçılığın yüksək səviyyədə olduğunu qeyd edib: "Ümumiyyətlə yaxşı ki, Şəmkirdə oynayırıq. Burada hər cür şərait var. Fevralda mənə bu turnirdə oynayacağımı dedilər. Bir həftə hazırlaşmışam. Hazırlıq millimizin kapitanı Aleksandr Xalifmanın rəhbərliyi altında olub. Düzünü desəm, mənim üçün Şəmkirdə bütün rəqiblər güclüdür. Burada zəif rəqib yoxdur. İlk oyuna gəlincə, qarşılaşmanı sonradan ciddi təhlil edəcəyəm. Çalışdım ki, sakit oynayım. Səbrlə və təmkinlə mübarizə aparmaq istəyirəm. Qarşıda bizi 8 tur gözləyir. Tələsmək səhvə səbəb ola bilər. Heç-heçə ədalətli nəticədir".

Rauf Məmmədov rusiyalı dünya çempionu Vladimir Kramnikin Şəmkirdə olan şahmatçılar arasında gələcəyin iki dünya çempionunun olduğunu deməsinə münasibət bildirib: "Kramnik kimləri nəzərdə tutub? Bilirsiniz, fikrimcə, Maqnus Karlsen hələ uzun müddət şahmat tacını özündə saxlayacaq. 30 ildən sonra kimsə onu uda bilər. Hazırda Karlsen bir nömrədir".

Fransız Maksim Vaşye-Laqrav Şəmkirdəki ilk partiya haqda bunları deyib: "Həyəcan yox idi. Sakit oyun oldu. Bərabərlik normal nəticədir. Sadəcə qarşıda bizi daha güclü rəqiblərin gözlədiyini düşünürəm. Kramnik, Anand və Karlsenlə oyunlar var. Həvəsdən düşmək olmaz. Şəmkir hər bir şahmatçı üçün ciddi çağırışdır".

Bütün xəbərlər Facebook səhifəmizdə