AGF rəsmiləri Braziliya Güləş Federasiyasının qonağı olub FOTO

AGF rəsmiləri Braziliya Güləş Federasiyasının qonağı olub FOTO

Azərbaycan Güləş Federasiyası (AGF) Dünya Güləş Birliyinin (UWW) fəal üzvü kimi həm təşkilat çərçivəsində, həm də ayrılıqda üzv ölkələrin Güləş Federasiyaları ilə əməkdaşlıq edir. SİA-nın məlumatına görə, bu günlərdə AGF-nin I vitse-prezidenti, Dünya Güləş Birliyi İdarə Heyətinin üzvü Namiq Əliyev və federasiyanın baş katibi Əjdər Cəfərov Cənubi Amerikada işgüzar səfərdədir.

Səfər çərçivəsində Braziliya Güləş Konfederasiyasında görüşlər keçirən AGF rəsmiləri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə edib, gələn il keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlıq işləri ilə tanış olublar. Braziliya Güləş Federasiyasının prezidenti, Dünya Güləş Birliyi İdarə Heyətinin üzvü Pedro Qama Filhonun dəvəti ilə bu ölkənin yığma komandasının təlim-məşq bazasına da baş çəkən AGF-nin I vitse-prezidenti Namiq Əliyev Azərbaycan və Braziliya arasında ikitərəfli əməkdaşlığın perspektivlərini yüksək qiymətləndirib: "Azərbaycan müxtəlif idman yarışlarının təşkilində zəngin təcrübəyə malikdir. Bütün sahələrdə olduğu kimi, idman sahəsində, xüsusilə güləşdə qazandığımız uğurlar göz qabağındadır. Braziliya gələn il ilk dəfə Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək. Azərbaycanda isə bu il tarixdə ilk dəfə keçiriləcək I Avropa Oyunları təşkil olunacaq. Braziliyalı həmkarlarımız Azərbaycanın təcrübəsindən yararlanmaqda maraqlıdırlar. Çünki I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün ölkəmizdə lazımi bütün işlər həyata keçirilir. AGF gələcəkdə Rio Olimpiadasında təşkil olunacaq güləş yarışlarına hər cür təşkilati dəstək verməyə hazırdır. Görülən işlər bütövlükdə dünyada güləş idman növünün inkişafına xidmət edir".

Bütün xəbərlər Facebook səhifəmizdə