Vladimir Kramnik: "Azərbaycanlılara oxşamağım mənim üçün çox yaxşı komplimentdir"
Bu gün mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2015" turnirinin açılış və püşkatma mərasimi keçirilib. SİA-nın məlumatına görə, Şəmkirdə Heydər Əliyev Mərkəzində təşkil olunmuş mərasimdən sonra yarış iştirakçılarının mətbuat konfransı keçirilib.
Dünya çempionu Maqnus Karlsen Şəmkirə gəldiyinə görə məmnun olduğunu bildirib. O, azərbaycanlıların qonaqpərvər olduqlarını və şahmata yüksək qiymət verdiklərini qeyd edib: "Azərbaycanda şahmatçılara qarşı münasibət məni yaxşı mənada təəccübləndirdi. Şəmkirə dünyanın ən güclü şahmatçıları bu yarışa qatıldığına görə və çox hörmət etdiyim mərhum şahmatçı Vüqar Həşimovun xatirəsini yad etmək üçün gəlmişəm.
Mən həmişə güclü rəqiblərlə qarşılaşmaq istəmişəm. Püşkatma mənim üçün yaxşı olmadı. İlk turda Vişvanatan Anandla oynayacağam. Mənim üçün heç də asan olmayacaq".
Sabiq dünya çempionu Vladimir Kramnik Azərbaycana erkən gələrək Şəmkiri gəzdiyini deyib: "Şəmkiri kifayət qədər gəzdim və zövq aldım. Burada insanların qonaqpərvərliyinin şahidi oldum. Marketə girib qazlı su aldım. Mənə azərbaycanlılara oxşadığımı dedilər. Azərbaycanlılara oxşamağım mənim üçün çox yaxşı komplimentdir".
Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov həmkarı Rauf Məmmədovun bu turnirdə yarışmasını onun üçün böyük şans kimi dəyərləndirib: "ShamkirChess 2015" turnirində dünyanın ən güclüləri ilə mübarizə aparmaq Rauf üçün böyük şansdır. Ümid edirəm ki, o, uğurlu çıxış edəcək".
Şahmatçı öz çıxışı haqda da danışıb: "Ötən il bu turnirdə çox uğursuz çıxış etmişdim. Bu dəfə səhvlərə yol verməməyə çalışacağam. Reytinq haqda düşünmürəm".
Uesli So Şəmkirə ilk dəfədir gəldiyini, burada olmaqdan məmnunluğunu bildirib: "İlk dəfədir Şəmkirdə oluram. Gördüklərim çox gözəldir. Dünyanın ən güclü şahmatçıları ilə oynamaq mənim üçün şərəfdir".
Qeyd edək ki, ilk turu sabah keçiriləcək və aprelin 26-dək davam edəcək turnirdə hazırkı dünya çempionu Maqnus Karlsen, sabiq dünya çempionları Vişvanatan Anand və Vladimir Kramnik, eləcə də Fabiano Karuana, Aniş Giri, Uesli So, Maksim Vaşye-Lagrav, Maykl Adams, Şəhriyar Məmmədyarov və Rauf Məmmədov mübarizə aparacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB