Fərid Qayıbov: "Gimnastlarımız "Bakı-2015"ə yüksək səviyyədə hazırlaşırlar" AÇIQLAMA
Tarixdə ilk dəfə keçiriləcək və Azərbaycanda təşkil olunacaq I Avropa Oyunlarına 58 gün qalıb. Oyunlarda təmsil olunacaq bütün növlər üzrə Azərbaycan idmançıları yüksək nəticələr əldə etmək üçün xüsusi proqramlarla hazırlıq keçirlər. Gimnastlarımız da digər növlərdə olduğu kimi, "Bakı-2015" I Avropa Oyunlarına səylə hazırlaşır və yüksək nəticələr əldə etmək üçün təlim-məşq prosesləri keçirlər. SİA-nın məlumatına görə, bununla bağlı Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov jurnalistlərin suallarını cavablandırıb. Onun sözlərinə görə, "Bakı-2015" I Avropa Oyunlarında uğurlu çıxış etmələri üçün Azərbaycan gimnastlarına istənilən şərait yaradılıb: "Gimnastlarımız "Bakı-2015" I Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşırlar. Onlar Milli Gimnastika Arenasındakı mehmanxada qalır, burada qidalanır və məşqlər keçirlər. İdmançılarımız üçün tibb personalı da fəaliyyət göstərir. Doğma divarlar arasında çıxış etmək həm asan, həm də çətindir. Çünkü məsuliyyət daha böyük olur.
Bir çox ölkələrdə yarışlarda, təlim-məşq toplanışlarında iştirak edirik. Heç bir ölkədə idmançılar üçün belə şərait yaradılmayıb. Nəinki Avropadan, hətta Amerikadan və digər qitələrdən bura məşq etmək üçün idmançılar gəlirlər".
Baş katib Azərbaycan gimnastlarının gərgin idman qrafiki olduğunu bildirib: "Marina Durunda son bir ay ərzində üç həftədir ki, müxtəlif yarışlarda iştirak edir. İdmançılarımız daim məşqlər edirlər və öz güclərini yoxlamaq üçün müxtəlif sınaq xarakterli yarışlarda mübarizə aparırlar. Bu həftə iki növ üzrə Avropa çempionatı keçirilir. Qadın və kişi gimnastlarımız Fransada Avropa çempionatındadırlar. Aprel ayının sonu, may ayının əvvəlində bədii gimnastikası üzrə Avropa çempionatı olacaq. Bu yarışdan sonra isə gimnastlarımız I Avropa Oyunlarına qatılacaqlar. Sentyabr ayından dünya çempionatları başlayır. Burada Rio-De-Janeyroda keçiriləcək Olimpiya Oyunlarına lisenziyalar uğrunda mübarizə aparacağıq.
Məşqçilər tərəfindən hazırlıq prosesi elə qurulub ki, gimnastlarımız Avropa çempionatı, I Avropa Oyunları və dünya çempionatında uğurlu çıxış etsinlər".
Qeyd edək ki, "Bakı-2015" I Avropa Oyunlarında gimnastikanın 6 növü üzrə yarışlar keçiriləcək. Milli Gimnastika Arenasında təşkil olunacaq yarışlara iyunun 14-dən start veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB