I Avropa Oyunlarının Bakıda keçirilməsinin ölkəmiz üçün əhəmiyyəti

I Avropa Oyunlarının Bakıda keçirilməsinin ölkəmiz üçün əhəmiyyəti

Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və uğurla apardığı müstəqil Azərbaycanın inkişaf siyasəti bu gün də müvəffəqiyyətlə davam etdirilir. Bir zamanlar tanınmayan Azərbaycan Ulu Öndər Heydər Əliyevin və Onun siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində artıq dünyada böyük nüfuza və söz sahibinə çevrilib.

Ulu Öndər Heydər Əliyevin ölkəmizin inkişafında xüsusi önəm verdiyi sahələrdən biri də idman siyasəti idi. Ümummilli Liderimiz hər zaman bildirirdi ki, idman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur. Ulu Öndər Heydər Əliyev ölkə idmanının inkişaf etdirilməsini məqsəd qoyaraq buna nail oldu. Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi Azərbaycanın dünyanın idman mərkəzlərindən birinə çevrilməsinə gətirib çıxardı. Bu gün ölkəmiz dünyanın ən möhtəşəm yarış və tədbirlərinə ev sahibliyi edir. Bu isə Azərbaycanın sürətlə artan nüfuzundan xəbər verir. Ölkəmizin bu sahədə qoydu uğurlu irs bütün idman növləri üzrə beynəlxalq federasiyaların diqqətini cəlb edir və onlar dünya, Avropa çempionatlarının, beynəlxalq turnirlərin ölkəmizdə keçirilməsinə can atırlar.

Bu ilin iyun ayında isə ölkəmiz daha bir tarixə imza atacaq. Belə ki, tarixdə ilk dəfə keçiriləcək I Avropa Oyunlarına məhz Azərbaycan ev sahibliyi edəcək. 2012-ci ilin dekabr ayının 8-də Romada baş tutmuş Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında hər dörd ildə bir təşkil olunması planlaşdırılan Avropa Oyunlarının keçirilməsi barədə qərar qəbul edildi. Gizli səsvermə nəticəsində 48 səsdən 38 səs ilə ilk Avropa Oyunlarına ev sahibliyi Azərbaycana verildi. Belə səs çoxluğu isə Baş Assambleyada təmsil olunan ölkələrin rəhbər şəxslərinin Azərbaycanın inkişafı və idman infrastrukturu haqqında yüksək fikirlərdə olmalarının nəticəsidir.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Bakı-2015" I Avropa Oyunlarından məsul olan Təşkilat Komitəsi yaradıldı və Komitəyə Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sədr seçildi. Təşkilat Komitəsinin sədrinin qərarı ilə "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) yaradıldı və Oyunlara hazırlıq işlərinə start verildi. Dünyanın ən qabaqcıl və təcrübəli mütəxəssisləri Azərbaycana dəvət olundu və BAOƏK-də yerli mütəxəssislərlə birlikdə çalışmalara başlanıldı.

İnkişaf etmiş, dünyanın nəhəng dövlətləri belə möhtəşəm Oyunların təşkilinə uzun illər hazırlıq vaxtı istəyirlər. Azərbaycanda isə hazırlıq işləri qısa zamanda elə sürətlə aparıldı ki, bütün dünya buna heyranlığını gizlədə bilmədi.

Azərbaycanda yeni idman qurğuları inşa olundu, bir çoxunda isə yenidənqurma-bərpa işləri aparıldı. Bakı Olimpiya stadionu, Milli Gimnastika Arenası, Voterpol Arenası, Dağ Velosipedi Parkı, Bakı Atıcılıq Mərkəzi, Bakı Kristal Zalı, Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Tofiq Bəhramov adına Respublika Stadionu və digər idman obyektləri bütün dünyanın diqqət mərkəzinə düşdü.

Bu idman infrastrukturunun Oyunlardan sonra da ölkəmiz üçün qalacağını düşünəndə, işlərin yalnız Azərbaycan xalqının rifahına xidmət etdiyini görməmək mümkün deyil.

"Bakı-2015" I Avropa Oyunlarına dövlətimiz tərəfindən ayrılan büdcə möhtəşəm yarışın yüksək səviyyədə təşkil olunması üçün hər cür şəraiti yaratmağa imkan verir. İdmançılar, nümayəndə heyətləri, jurnalistlərin məskunlaşması üçün Atletlər və Media Kəndi yaradıldı, nəqliyyat sistemi təkmilləşdirildi. Turistlərin Oyunlara rahatlıqla gəlməsi üçün sadələşdirilmiş viza prosedurları təsdiqləndi.

"Bakı 2015" I Avropa Oyunları ölkəmizin həm dünyada daha da tanınması, həm iqtisadi, həm də mədəni cəhətdən önəmlidir. Azərbaycana turist axını turizmin inkişafında böyük rol oynayacaq. Dünyanın yüzlərlə televiziyası Oyunları canlı yayımlayacaq və milyonlarla insan Azərbaycan haqqında məlumatlanacaq, ölkəmizin mədəni irsinin şahidi olacaq.

Oyunlarda iştirak etmək üçün bütün azarkeşlər çox sadə şəkildə biletləri əldə edə bilərlər. Bütün dünyadan "online" vasitə ilə bilet almaq mümkündür. Bakıda isə şəhərin bütün hissələrində bilet satışı həyata keçirilir. Biletlərin qiymətləri isə bütün insanlar üçün əlçatandır. Açılış mərasiminə biletlərin qiyməti 20 manatdan 200 manatadək, bağlanış mərasiminə isə 10 manatdan 100 manatadəkdir. Seçmə mərhələdə Oyunlara biletlərin qiymətləri 2-3 manat, final mərhələlərinə 3-5 manatdır. Sessiya dövründə 2 yaşından 16 yaşınadək uşaqlar üçün biletlər pulsuz, açılış və bağlanış mərasimlərinə tam qiymətə, Heydər Əliyev adına İdman Arenası və Milli Gimnastika Arenasına isə 1 manatadır. Uşaqların valideynləri yanlarında olmalıdır. Fiziki qüsurlu şəxslər üçün biletlər sessiya dövründə, eləcə də Heydər Əliyev adına İdman Arenası və Milli Gimnastika Arenasına pulsuz, açılış və bağlanış mərasimlərinə isə tam qiymətədir.

"Bakı-2015" ilk Avropa Oyunlarının ölkəmiz üçün əhəmiyyətini daha da əsaslı şəkildə müəyyənləşdirmək üçün idman sahəsində uzun illər çalışan və bu sahədə böyük uğurlar qazanmış peşəkarlarla söhbətləşdik. Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Xəzər İsayev bildirdi ki, I Avropa Oyunları ilk növbədə Azərbaycanda kütləvi idmanın təbliği xarakterini daşıyır: "I Avropa Oyunları idmanın təbliği ilə Azərbaycanda sağlam həyat tərzinin inkişafına təkan verəcək. Bu Oyunlar gənclərin idmana daha da cəlb olunmasında böyük rol oynayacaq. İlk Avropa Oyunlarının Azərbaycanda Olimpiya Oyunları səviyyəsində keçirilməsi dünyada ölkəmizin daha da tanınmasına və inam qazanmasına gətirib çıxaracaq. Ölkəmizdə inşa olunmuş möhtəşəm yeni idman qurğuları gələcəkdə də Azərbaycanda insanların müstəqil şəkildə idmanla məşğul olması, idmançılarımızın təlim-məşq toplanışları keçmələri və möhtəşəm yarışlar keçirmək üçün əhəmiyyətli olacaq. Kommunikasiya sisteminin yenilənməsi, nəqliyyatın inkişafı, yeni yolların salınması, yeni idman obyektləri I Avropa Oyunlarından sonra da Azərbaycan xalqının rifahına xidmət edəcək".

MOK-un vitse-prezidenti I Avropa Oyunlarının yüksək səviyyədə təşkilinin Azərbaycanın gələcəkdə Yay Olimpiya Oyunlarına ev sahibliyi etməsi üçün də böyük köməklik göstərəcəyini qeyd etdi. Onun sözlərinə görə, I Avropa Oyunları Azərbaycanda turizmin inkişafına da böyük təkan verəcək.

"Əminəm ki, Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev və Azərbaycanın birinci xanımı, "Bakı-2015" I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi ilə İlk Avropa Oyunları çox yüksək səviyyədə təşkil olunacaq və bütün dünya bu Oyunların möhtəşəm şəkildə keçirilməsinə heyranlıqla baxacaq"- deyə, X. İsayev əlavə etdi.

"Bakı-2015" I Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə Baş direktoru Saymon Kleq I Avropa Oyunlarının Azərbaycanda həm idmanın, həm cəmiyyətin, həm də iqtisadiyyatın inkişafına böyük təsir edəcəyini bildirdi: "Bakı 2015" I Avropa Oyunları Əməliyyat Komitəsinin əsas prinsiplərindən biri beynəlxalq işçilərin bacarıq və təcrübələrini yerli işçi qüvvəsi ilə paylaşmaqdır. Bu Oyunlar ölkənizdə cəmiyyətin və iqtisadiyyatın inkişafına böyük təkan verəcək. " Bakı-2015" I Avropa Oyunları Əməliyyat Komitəsinin heyətinin 72 faizi yerli insanlardır (1576 nəfər). Onlar burada təcrübəli beynəlxalq işçi qüvvəsindən "Oyunlar Akademiyası" kimi proqramlar vasitəsi ilə öz biznes idarəetmə bacarıqlarını inkişaf etdirirlər. Treninq proqramlarında öyrədilən beynəlxalq təcrübə Azərbaycanda mütəxəssislərin müxtəlif istiqamətlərdə inkişafına və ixtisaslaşmasına kömək edir ki, bu da Oyunlardan sonra da ölkənin insan kapitalının inkişafına şərait yaradır. 16 min könüllünün qeydiyyatdan keçməsi müasir Azərbaycan gənclərinin dinamikliyinin göstəricisidir. I Avropa Oyunları Azərbaycanda keçiriləcək ən böyük idman tədbiri olacaq ki, bu da ölkənizdə idman mədəniyyətinin daha da inkişafı üçün böyük addım olacaq".

Onun sözlərinə görə, I Avropa Oyunlarına Azərbaycanın ev sahibliyi etməsi ölkənin dünyada etibarlı imicini yaradacaq: "Bakı-2015" I Avropa Oyunları gələcəkdə digər ölkələrlə rəqabətdə daha da böyük yarışların burada keçirilməsində böyük üstünlük yaradacaq. İlk Avropa Oyunları 2016-cı ildə keçiriləcək Formula-1 üzrə Bakı Avropa Qran-Prisi, 2017-ci ilə keçiriləcək IV İslam Həmrəyliyi Oyunları və futbol üzrə "Avro-2020"nin Azərbaycanda təşkil olunacaq qrup mərhələsinin 3 və 1/4 final mərhələsinin 1 oyunu üçün gözəl irs qoyacaq".

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Vüqar Şixəmmədov dedi ki, "Bakı-2015" I Avropa Oyunları idmandan əlavə, həm mədəniyyət, həm də turizm sahələrində ölkəmizin tanıdılmasına və inkişafına şərait yaradacaq: "Ötən ilin sentyabr ayından etibarən nazirliyin iştirak etdiyi bütün beynəlxalq turizm sərgilərində "Bakı-2015" I Avropa Oyunlarının loqosu təqdim olunur. 2015-ci ilin yanvar ayından etibarən nazirliyin çap etdiyi reklam məhsullarında Oyunların loqosu əks olunur. Dünyanın tanınmış telekanallarında da I Avropa Oyunları haqda reklam çarxları yayımlanır. Fevral ayının əvvəllərindən etibarən həm CNN, həm də "Euronews" telekanallarında "Bakı-2015" I Avropa Oyunlarına həsr olunmuş reklam çarxları yayımlanmağa başlayıb. Nazirliyin sifarişi ilə hər ay çap olunan "Baku Guide" bələdçi kataloqunun Oyunlar zamanı xüsusi buraxılışının hazırlanması nəzərdə tutulub". "Oyunlar zamanı ölkəmizə çox sayda idmançı, nümayəndə heyəti və turistlər gələcək. Bu isə Azərbaycanın turizm ölkəsi kimi imicinin formalaşdırılması, tanıdılması, turistlərin ölkəmizə cəlb olunması baxımından əlverişlidir. I Avropa Oyunlarında Azərbaycanın mədəni irsinin dünyaya tanıdılması istiqamətində böyük işlər görüləcək"- deyə, nazirlik rəsmisi qeyd etdi.

Beləliklə, tarixdə ilk dəfə keçiriləcək "Bakı-2015" I Avropa Oyunları ilə Azərbaycan bütün dünya üçün nümunəvi və əhəmiyyətli təcrübə və böyük irs qoyacaq. I Avropa Oyunları Azərbaycanda idmanın, iqtisadiyyatın və turizmin inkişafına, ölkəmizin dünyada tanınmasına, etibarlı imic qazanmasına, mədəniyyətimizin dünyaya nümayiş olunmasına, ixtisaslaşmış kadrların artırılmasına, ölkəmizin böyük təcrübə qazanmasına və digər bir çox əhəmiyyətli inkişafa nail olmağa şərait yaradacaq.

Milli Olimpiya Komitəsinin və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə