Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Nizami rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının, rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə voleybol yarışı keçirilib. SİA-nın məlumatına görə, yarışın açılış mərasimində YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində mühüm yer tutduğunu və müasir müstəqil dövlətimizin hərtərəfli inkişafının əsasını qoyduğunu qeyd edib.
Millət vəkili bildirib ki, Azərbaycanın müasir tarixinin - 1960-cı illərin sonlarından XXI əsrin əvvəlinədək olan dövrü Ümummilli Liderin adı ilə bağlıdır: "Bu illər ərzində Ulu Öndər xalqı ilə birgə tarixin ağır sınaqlarını keçərək, müstəqil Azərbaycan dövlətini yaradaraq onun parlaq gələcəyinin əsasını qoyub".
Bu gün Ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edən Sədaqət Vəliyeva əlavə edib ki, ölkə başçısının idman sahəsində həyata keçirdiyi uğurlu siyasət öz müsbət nəticələrini verir: "Bu gün dövlət tərəfindən idmançılara hərtərəfli şərait yaradılıb və onlar da beynəlxalq yarışlarda ardıcıl qələbələr qazanır, ölkəmizin nüfuzunu daha da artırırlar".
21 məktəbin komandasının iştirak etdiyi yarış olimpiya sistemi üzrə keçirilib. İki gün davam edən yarışda yüksək əzmkarlıq və peşəkarlıq nümayiş etdirən 32 saylı məktəb I, 220 saylı məktəb II və 145 saylı məktəb isə III yerin qalibi olub.
Yarışın qaliblərinin mükafatlandırılması mərasimində çıxış edən Nizami rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov və başqaları Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərindən danışıblar. Natiqlər dahi şəxsiyyətin əsasını qoyduğu siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar.
Bildirilib ki, dövlətimizin başçısının idman sahəsində həyata keçirdiyi uğurlu siyasətin nəticəsində Azərbaycan idmançıları qələbələri bir-birinin ardınca sıralayaraq ölkəmizin nüfuzunu daha da artırırlar.
Sonda yarışın qalibləri medal və diplomlarla mükafatlandırılıb, xatirə şəkli çəkdirilib.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB