Portuqaliyalı idmançı Lissabondan "Bakı-2015"ə velosiped ilə gəlir MÜSAHİBƏ

Portuqaliyalı idmançı Horhe Kristovao 10 aprel 2015-ci il tarixində ölkəsinin paytaxtı Lissabon şəhərindən Azərbaycanın paytaxtı Bakıya velosipedi ilə möhtəşəm səyahətə başlayıb. 7 min km məsafə qət edəcək Horhe bir çox ölkədən keçərək bu ölkələrin Milli Olimpiya Komitələrinə səfər edəcək və iyunun 10-da Bakıya çatacaq. Bakıya gəldikdən sonra o, özü ilə gətirdiyi Portuqaliya bayrağını, 12 iyun 2015-ci il tarixində keçiriləcək I Avropa Oyunlarının açılış mərasimində istifadə olunması məqsədi ilə bu ölkənin milli komandasına təqdim edəcək. SİA-nın məlumatına görə, səyahətə başlamamışdan öncə Horhe "Bakı-2015"in rəsmi saytına müsahibə verib:

- Velosipedlə Bakıya, I Avropa Oyunlarına gəlmək fikrinə necə gəldiniz?

- Portuqaliya Milli Olimpiya Komitəsinə Portuqaliya bayrağını Oyunlarda yarışacaq idmançılarımıza aparmağı təklif etdim. Bu, mənim üçün heç vaxt kiçilməyəcək bir məna kəsb edir. Çünki bayraq uşaqlığımdan etibarən məni təqib edən bir simvoldur və içimdə olan çox güclü bir hissdir.

- Bunun üçün hansı xüsusi məşqləri edirsiniz?

- Mən hər gün kilometrlərlə velosiped sürürəm. İndiyə qədər getdiyim ən uzun yol Santiaqoya gedən Fransa yolları olub ki, 9 gün ərzində 1760 kilometr qət etmişdim. Lakin hazırki missiyam ilə heçnə müqayisə oluna bilməz. Çünki bu böyük səy tələb edir və mən bunu edəcəyimə əminəm.

- "Bakı-2015" və Avropanın MOK-ları sizin bu təşəbbüsünüzü necə dəstəklədilər?

- Bu təşəbbüs yalnız Portuqaliya Milli Olimpiya Komitəsinin dəstəyi olduğu üçün həyata keçə bilir. Portuqaliya MOK-u ideyaya sponsorluq etdi. I Avropa Oyunlarının daha da tanınmasına yardımçı olacağı üçün "Bakı-2015" bu təşəbbüsü böyük məmnuniyyətlə qarşıladı. Avropa MOK-ları da yerli media kanalları vasitə ilə bu təşəbbüsü ictimaiyyətə çatdıracaqlar.

- Səyahətiniz ərzində hansı ölkələrdən keçəcəksiniz və kimlərlə görüşəcəksiniz?

- Mən İspaniya, Fransa, Monako, İtaliya, Türkiyə, Gürcüstan və Azərbaycan MOK-una, həmçinin AOK-un Romadakı baş qərargahına və Yunanıstanın Saloniki şəhərində yerləşən Olimpiya Muzeyinə səfər edəcəyəm. Bu ölkələrdə hər bir MOK-un nümayəndələri tərəfindən qarşılanacağam.

- Bakıya nə zaman çatacaqsınız və orada nə qədər qalacaqsınız?

- Bakıya Portuqaliyanın Milli Bayramı günündə - iyunun 10-da çatacağam. Burada bir neçə gün qaldıqdan sonra, iyunun 14-də Portuqaliyaya yola düşəcəyəm.

Bütün xəbərlər Facebook səhifəmizdə