Tural Bayramov: “Dünyanın bütün güclü döyüşçüləri ilə rinqdə görüşməyə hazıram" FOTOLAR

Tural Bayramov: “Dünyanın bütün güclü döyüşçüləri ilə rinqdə görüşməyə hazıram" FOTOLAR

Xəbər verdiyimiz kimi, Moldovada keçirilən K-1 üzrə King of Kings World Gran Pri turnirində 75 kq çəki dərəcəsində ölkəmizi təmsil edən idmançımız Tural Bayramov yerli döyüşçü Sergey Morariy üzərində parlaq qələbə qazanıb. SİA-nın məlumatına görə, bu gün bununla bağlı mətbuat konfransı keçirilib. Konfransda K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi, "Best of the Best" promoşn qrupunun prezident prezidenti Elnur Məmmədov, idmançılar, 3 qat dünya çempionu Tural Bayramov, Ziya Bayramov, "Best of the Best" promoşnun idman direktoru və məşqçi Rövşən Heybətov, həmçinin məşqçi Ruslan Musayev iştirak edib.

Öncə yarışdan hazırlanmış reportaj və T. Bayramovun döyüşünün videoçarxı nümayiş olunub.

E. Məmmədov T. Bayramovu qələbə münasibəti ilə təbrik edib. O, qələbədən sonra Turala azarkeşlər tərəfindən böyük marağ olduğunu qeyd edib: "Qələbədən sonra Turalın ətrafına azarkeş kütləsi yığıldı və biz onu itirdik. Bu döyüş "Eurosport" kanalının top onluğuna düşdü. Döyüşdən sonra Moldovanın sabiq prezidenti Vladimir Voronin Turalı təbrik etdi".

"Best of the Best" promoşn qrupunun prezident prezidenti idmançımızın döyüşə yaxşı hazırlaşdığını deyib: "Rəqib Moldovanın bir nömrəli döyüşçüsü idi. Tural yaxşı hazırlaşmışdı və ona heç bir şans vermədi. İdmançımızın hazırlığına görə, yeni idman direktoru və məşqçi Rövşən Heybətova minnətdarlığımı bildirirəm.

Bu yarış Moldova üçün idman bayramı idi. Döyüşlərə 5 nazir, 9 millət vəkili və ölkənin keçmiş prezidenti də baxırdı. Yarışdan öncə Azərbaycanın Moldovadakı diaspora rəhbəri Vüqar Novruzov zəng edib bizə uğurlar arzuladı və döyüş zamanı azarkeş dəstəyi verəcəklərini qeyd etdi. Azərbaycanın Moldovadakı səfiri xəstələndiyi üçün, onun yarışa müşaviri gəlmişdi".

E. Məmmədov Moldovanın sabiq prezidenti Vladimir Voroninlə də görüşdüklərini bildirib: "Görüşdə Vladimir Voronin Turalın döyüşündən zövq aldığını dedi. Bildirdi ki, çoxdandır belə döyüş izləmirdi. O, bundan sonra da Turalın döyüşlərə dəvət ediləcəyini, əməkdaşlığın genişləndirəcəyini vurğuladı".

T. Bayramov isə rəqibinin güclü olduğunu, döyüşə yaxşı hazırlaşdığını qeyd edib: "Rəqib gözlədiyimdən də yaxşı hazırlaşmışdı. Döyüşdən sonra məşq yoldaşları neçə aylardır onun bu döyüşə hazırlaşdığını bildirdilər. Mən həm texniki, həm taktiki, həm də psixoloji cəhətdən yüksək səviyyədə hazırlaşmışdım. Məşqçilərin verdiyi tapşırıqları yerinə yetirdim. Döyüş zamanı rəqibi əsəbləşdirdim və psixoloji cəhətdən onu üstələdim. O, döyüşdən əvvəl hazırlığımızı və əhval-ruhiyyəmizi görəndə artıq psixoloji cəhətdən məğlub olmuşdu. Rinqdə də həm taktiki, həm fiziki, həm də psixoloji cəhətdən üstün oldum və qalib gəldim".

T. Bayramov dünyanın bütün top döyüşçüləri ilə qarşılaşmağa hazır olduğunu qeyd edib: "Dünyanın bütün güclü döyüşçüləri ilə rinqdə görüşməyə hazıram. Mən bəzi idmançılar kimi, insanları aldatmıram. İndiyə qədər döyüşdüyüm rəqiblərimin hamısı ən güclülərdəndirlər".

R. Heybətov qələbəyə görə çox sevindiyini, T. Bayramovun tapşırıqlarını tam şəkildə yerinə yetirdiyini bildirib: "T. Bayramov hazırlıq prosesində və döyüşdə məşqçilərin tövsiyyələrini yerinə yetirdi və güclü rəqibini məğlub etdi. Hər rəqiblə eyni istiqamətdə döyüşmək olmaz. Biz Moldova idmançısının döyüşlərini izlədik və təhlil etdik. Onun döyüşünə uyğun taktika müəyyənləşdirdik və T. Bayramovu o istiqamətdə hazırladıq. Turalla işlmək zövq verdi.

Mən əsasən xaricdə çalışıram. Orada yığdığım təcrübəni Azərbaycan idmançılarına öyrətməyə hazıram. Ölkəmizdə bu idman növünə böyük maraq var. Gələcəkdə də idmançılarımız böyük uğurlar əldə edəcəklər".

Sonda tədbir iştirakçıları jurnalistlərin suallarını cavablandırıblar və xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, Moldova turnirində qələbə qazanan Tural Bayramov, həm də gecənin əzmkar döyüşçüsü seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə