Bu gün Azərbaycan idman federasiyalarının ilk Avropa Oyunlarına hazırlıq səviyyəsinə həsr olunmuş hesabat görüşü keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov qeyd edib ki, I Avropa Olimpiya oyunlarının Bakıda keçirilməsi Azərbaycan üçün çox önəmli tarixi hadisədir.
Onun sözlərinə görə, öz böyüklüyünə görə dünyada 3-cü ən böyük idman yarışı olan Avropa Olimpiya oyunlarında iştirak edən idmançılarımız yüksək nəticələr nümayiş etdirməli və ölkəmizə medallar qazandırmalıdırlar. Azad Rəhimov həmçinin iclasın keçirildiyi BEGOG-da çalışanların sayını da açıqlayıb. O bildirib ki, yarışa hazırlıqla bağlı burada 1500 nəfər çalışır. İşçilərin 1000-dən çoxu yerli gənclər, 500 nəfəri isə xaricilərdi. İdman obyektlərinin artıq böyük hissəsinin istifadəyə hazır olduğunu bildirən Azad Rəhimov obyektlərin hamısının aprelin sonuna kimi istifadəyə hazır olacağını bildirib: "Avropa Oyunlarına 18 minə yaxın könüllü cəlb olunub. Hazırda həmin könüllülərə müxtəlif təlimlər keçirilir. Ümumiyyətlə idmançılarımızın yarışlarda uğurlu çıxışları üçün ideal şərait yaradılıb. İnanıram ki, idmançılarımız yarışlarda yüksək nəticələr nümayiş etdirəcəklər və ölkəmizə medallar qazandıracaqlar".
Daha sonra çıxış edən Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdrü Mirkamil Rəhimov Avropa Oyunlarına hazırlıqla bağlı hesabat verib. Onun sözlərinə görə, I Avropa Olimpiya Oyunlarında Avropa Olimpiya Komitəsinə üzv olan 56 ölkə iştirak edəcək: "Avropa Olimpiya Komitəsi ilə əldə olunmuş razılığa əsasən Bakıda keçiriləcək oyunlarda 6000 idmançının iştirakı nəzərdə tutulub. Rəsmi nümayəndə heyətinin sayı isə 2000 nəfərə qədərdir. Onu da qeyd edim ki, oyunlarla əlaqədar olaraq ölkəmizə 2000 nəfərə qədər kütləvi informasiya nümayəndələri gələcəklər. Avropa Olimpiya Komitəsi və Avropa İdman Federasiyaları ilə razılaşmaya əsasən I Avropa Olimpiya Oyunlarında 20 federasiya 31 idman növü üzrə iştirak edəcək".
Həmçinin, komandalarımızın təlim-məşq toplanışları, onların turnirlərdə qazandıqları medallar barədə məlumat verən Mirkamil Rəhimov qeyd edib ki, 2013-cü ildə bu işlərə 5, ötən il 6 milyon manat xərcləndiyini söyləyib.
Sonda Azad Rəhimov dopinqlə bağlı federasiya rəsmilərinə ciddi xəbərdarlıq edib. O bu sahədə ciddi nəzarətin vacibliyini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB