Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Binə qəsəbəsində yerləşən "Binə Atçılıq Mərkəzi"nin açıq manejində atçılığın konkur növü üzrə "Bahar Kuboku" adlı CSI2* kateqoriyalı beynəlxalq turnirə start veriləcək. SİA-nın məlumatına görə, yarışdan öncə turnirlə bağlı mətbuat konfransı keçirilib. Konfransda Azərbaycan Respublikası Atçılıq Federasiyasının vitse-prezidenti Mahir Muradov, yarışların baş hakimi Rennan Borand, hakimlər heyətinin üzvü Rakşan Radpour və Beynəlxalq Atçılıq Federasiyasının təyin etdiyi baytar Taşkın Özdemir iştirak edib.
ARAF-ın vitse-prezidenti Mahir Muradov yarışların 3 gün davam edəcəyini və Olimpiya Oyunlarına lisenziya xalları verəcəyini qeyd edib: "Yarışlara bu gün start veriləcək və aprelin 11-dək davam edəcək. Bu turnirdə Olimpiya Oyunlarına 100 lisenziya xalı veriləcək. İdmançıların nəticələrinə görə qazandıqları xallar müəyyənləşəcək. Turnirdə Azərbaycan, Gürcüstan, Türkiyə, Lüksemburqdan olan idmançılar yarışacaq. Ümumilikdə 14 çapar 25 atla mübarizə aparacaq. Yarışlara Azərbaycan, Türkiyə, Rusiya, İrandan dəvət olunan hakimlər kollegiyası nəzarət edəcək. Turnirin ümumi mükafat fondu 53 min avro təşkil edir. Mükafat fondu 3 gün ərzində keçiriləcək 5 yarışın qalibləri arasında bölünəcək".
O, Azərbaycan idmançılarının çıxışları barədə də danışıb: "Azərbaycandan 9 idmançı 16 atla mübarizə aparacaq. Təbii ki, idmançılarımızın yüksək səviyyədə çıxış etməsini istəyirik. Camal Rəhimovun yüksək yerlər uğrunda mübarizə aparacağını düşünürəm".
Federasiyanın vitse-prezidenti Azərbaycan çaparlarının Olimpiya Oyunlarına lisenziya qazanmaq şansları barədə də fikirlərini bildirib: "İdmançılarımızın Olimpiya Oyunlarına lisenziya üçün mübarizə apardığı "C" qrupunda hələ ki, I yerdə 400 xalla Rusiya idmançısı Vladimir Tuqanov, II yerdə türkiyəli Ömər Kara, III yerdə Camal Rəhimovdur. İdmançımız I yerdən 100 xal geri qalır. Hələ bundan sonrakı yarışlarda 1000 xal toplamaq mümkündür. Məqsədimiz idmançılarımızın 1500-dən çox xal toplamasıdır. Komanda olaraq isə, iyulun 30-dan avqustun 3-dək Slovakiyada keçiriləcək CSI3* kateqoriyalı yarışda iştirak edəcəyik. Orada I yerə çıxan komanda birbaşa Olimpiya Oyunlarına vəsiqə qazanacaq".
M. Muradov bu il və gələn il ARAF-ın 8 yarış təşkil edəcəyini vurğulayıb.
Qonaqlar isə "Bahar Kuboku"nun hazırlığının yüksək səviyyədə olduğunu, ARAF-ın hər il daha da gözəl turnirlər təşkil etdiyini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB