Mədəniyyət və Turizm Nazirliyi "Bakı 2015"ə necə hazırlaşır? AÇIQLAMA
"Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Bakı 2015 I Avropa Oyunları ilə əlaqədar həm mədəniyyət, həm də turizm sahələrində hazırlıq işləri həyata keçirir". Bu sözləri SİA-ya açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Vüqar Şixəmmədov deyib. O, ötən ilin sentyabr ayından etibarən nazirliyin iştirak etdiyi bütün beynəlxalq turizm sərgilərində Bakı 2015 Avropa Oyunlarının loqosunun təqdim olunduğunu qeyd edib. Şöbə müdirinin sözlərinə görə, 2015-ci ilin yanvar ayından etibarən nazirliyin çap etdiyi reklam məhsullarında Oyunların loqosu əks olunur. V. Şixəmmədov dünyanın tanınmış telekanallarında da I Avropa Oyunları haqda reklam çarxları yayımlandığını bildirib: "Fevral ayının əvvəllərindən etibarən həm CNN, həm də "Euronews" telekanallarında Bakı 2015 Avropa Oyunlarına həsr olunmuş reklam çarxları yayımlanmağa başlayıb. Nazirliyin sifarişi ilə hər ay çap olunan "Baku Guide" bələdçi kataloqunun Oyunlar zamanı xüsusi buraxılışının hazırlanması nəzərdə tutulub. I Avropa Oyunlarına gələn qonaqlara yüksək səviyyədə xidmət olunması məqsədilə ötən ilin oktyabr ayında Bakı şəhərində fəaliyyət göstərən 60-a yaxın mehmanxanada monitorinqlər keçirilib. Bu ilin aprel ayında yenə də paytaxtda 50-yə yaxın mehmanxanalarda monitorinqlərin keçirilməsi planlaşdırılır".
Şöbə müdiri qeyd edib ki, mehmanxana işçilərinə hazırlıq kursları keçirilir: "Martın 2-dən Mingəçevir və ətraf rayonlarda fəaliyyət göstərən mehmanxalarda çalışanların hazırlıq səviyyəsinin yaxşılaşdırılması üçün 100-dən artıq işçilərə treninq-kurslar keçirilib. Bu kurslar Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq çərçivəsində təşkil olunur. Həmin kursların davamı aprelin 6-dan Bakı Turizm Peşə Məktəbində paytaxtda çalışan işçilər üçün təşkil olunur. Aprelin 13-dək davam edəcək və 100 nəfərdən çox şəxsin iştirak edəcəyi kurslarda idarəçilərin hazırlanması, qəbul bölməsi, masa xidməti, xadimə və yeməklərin hazırlanması mövzularında seminarlar keçiriləcək. Hər il keçirilən bu hazırlıq kurslarının bu il mart-aprel aylarında təşkil olunmasında məqsəd I Avropa Oyunları zamanı hazırlıqlı kadrların xidmət göstərməsidir".
Nazirlik tərəfindən Bakıda fəaliyyət göstərən turizm şirkətlərinə paytaxt və regionlarla bağlı yeni proqramların hazırlanmasının tövsiyyə olunduğunu deyən V. Şixəmmədov Bakı şəhər turlarının təşkilinin də nəzərdə tutulduğunu vurğulayıb.
Onun sözlərinə görə, Bakı şəhərində fəaliyyət göstərən bütün teatr və konsert müəssisələrinin həmin dövr üçün repertuarı hazırlanıb və təsdiq olunub: "Oyunlarla bağlı ölkəmizə gələcək qonaqlara bəzi tamaşaların ingilis və rus dillərində çatdırılması üçün işlər aparılır. Bakıda fəaliyyət göstərən, Mədəniyyət və Turizm Nazirliyinin strukturunda olan muzeylər, tarix və mədəniyyət qoruqlarında iş vaxtının gecə saat 12:00-dək uzadılması planlaşdırılır".
O, Bakı 2015 ilk Avropa Oyunların ölkə turizminin inkişafında və mədəniyyətinin tanıdılmasında böyük rol oynayacağını deyib: "Bakı 2015 Avropa Oyunları indiyədək ölkəmizdə keçiriləcək ən mötəbər tədbirdir. Oyunlar zamanı Azərbaycana çox sayda idmançı, nümayəndə heyəti və turistlər gələcək. Bu isə Azərbaycanın turizm ölkəsi kimi imicinin formalaşdırılması, tanıdılması, turistlərin ölkəmizə cəlb olunması baxımından əlverişlidir. I Avropa Oyunlarında Azərbaycanın mədəni irsinin dünyaya tanıdılması istiqamətində böyük işlər görüləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB