IV İslam Həmrəyliyi Oyunları ilə bağlı müqavilə imzalanıb FOTOSESSİYA

IV İslam Həmrəyliyi Oyunları ilə bağlı müqavilə imzalanıb FOTOSESSİYA

Bu gün Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına (Bakı-2017) ev sahibliyi etməsi ilə bağlı müqavilənin imzalanma mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Azərbaycanın Milli Olimpiya Komitəsinin (MOK) I vitse-prezidenti Çingiz Hüseynzadə, İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti, Səudiyyə Ərəbistanın gənclər və idman naziri, Səudiyyə Ərəbistanın Olimpiya Komitəsinin prezidenti, əlahəzrət şahzadə Abdullah Bin Mosaad Bin Abdulaziz Alsaud və digər rəsmi şəxslər iştirak ediblər.

Öncə Azərbaycanın idman uğurlarını əks etdirən videoçarx nümayiş olunub.

MOK-un I vitse-prezidenti Ç. Hüseynzadə IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda uğurla keçiriləcəyinə əmin olduğunu deyib: "Biz IV İslam Həmrəyliyi Oyunlarını fərəhlə təşkil edəcəyik. Qonaqlar da Azərbaycanda idman sahəsində yaradılan şəraitlə tanış olublar. Bütün gücümüzlə səy göstərəcəyik ki, Oyunlar uğurlu şəkildə keçirilsin. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Ramazan ayından öncə təşkil olunması planlaşdırılıb. Oyunlarda 19-20 idman növü təmsil olunacaq. IV İslam Həmrəyliyi Oyunlarının proqramı I Avropa Oyunlarının proqramına oxşardır. İslam Həmrəyliyi Oyunlarında Avropa Oyunlarında olmayan ağırlıqqaldırma və zorxana idman növləri də olacaq".

Şahzadə Abdullah Bin Mosaad Bin Abdulaziz Alsaud IV İslam Həmrəyliyi Oyunlarına ölkəmizin ev sahibliyi etməsinə maraq göstərdiyinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib. O, Azərbaycanda Oyunların yüksək səviyyədə keçiriləcəyinə əminliyini vurğulayıb: "Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları uğurla təşkil ediləcək və bu Oyunlar xalqlar arasında əməkdaşlıq, işbirliyini daha da gücləndirəcək. İslam Həmrəyliyi İdman Federasiyası böyük addımlar atıb. Biz də Oyunların yüksək səviyyədə keçirilməsi üçün səylə çalışacağıq".

Nazir Azad Rəhimov qonaqları salamlayaraq, Azərbaycanın namizədliyini dəsdəkləyən və etimad göstərənlərə minnətdarlığını bildirib. O, ölkəmizin möhtəşəm beynəlxalq yarışlara ev sahibliyi etdiyini qeyd edib. "Bakı 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı seçilib. 2018-ci ildə isə Naxçıvan İslam mədəniyyətinin paytaxtı seçiləcək. Əminəm ki, IV İslam Həmrəyliyi Oyunları ölləmizdə möhtəşəm şəkildə təşkil olunacaq", -deyə nazir əlavə edib.

Daha sonra nazir Azad Rəhimov, MOK-un I vitse-prezidenti Çingiz Hüseynzadə və şahzadə Abdullah Bin Mosaad Bin Abdulaziz Alsaud müqaviləni imzalayıblar.

Sonda tədbir iştirakçıları jurnalistlərin suallarını cavablandırıblar.

Qeyd edək ki, 2013-cü ilin iyulunda Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının 8-ci hesabat-seçki Baş Assambleyası çərçivəsində federasiyaya üzv olan Milli Olimpiya Komitələri 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmək üçün Azərbaycanın namizədliyinə səs veriblər. Tam səs çoxluğu ilə ölkəmizin 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi barədə qərar qəbul edilib.
57 ölkəni təmsil edən idmançıların qatılacağı yarışın əsas şüarı "Həmrəylik bizim gücümüzdür" seçilib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2012-ci il 4 iyun tarixli Sərəncamı ilə 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə