Tərlan Əhmədov: "Oyunumuz alınmadı"

Tərlan Əhmədov: "Oyunumuz alınmadı"

Topaz Premyer Liqasının XXVIII turunda "Qəbələ" səfərdə AZAL-ı 4:0 hesabı ilə üstələyib. SİA-nın məlumatına görə, oyundan sonra hər iki komandanın baş məşqçisi qarşılaşma barədə fikirlərini bildirib:

Roman Qriqorçuk ("Qəbələ"nin baş məşqçisi): "Yaxşı nəticə qazandıq. Daha yaxşı futbol sərgiləyə bilərdik. Nəzərə alsaq ki, meydança yaxşı vəziyyətdə deyildi, bu mənada oyunçulara güzəşt edə bilərəm. Növbəti oyunlara hazırlaşmalıyıq".

Tərlan Əhmədov (AZAL-ın baş məşqçisi): "Düşünürdüm ki, "Simurq"a məğlubiyyətdən sonra evdə "Qəbələ"yə qalib gələcəyik. Amma oyunun ilk dəqiqələrindən hiss etdim ki, futbolçular mənim istədiyim kimi oynaya bilmir. Rəqib isə yüksək səviyyədə çıxış etdi. Mən rəqibi layiqli qələbə münasibəti ilə təbrik edirəm. "Qəbələ" daha çox qol vura bilərdi. Futbolda qələbə də var, məğlubiyyət də var. Mən futbolçuları günahkar hesab etmirəm. Sadəcə, oyunumuz alınmadı. Bunu analiz edib, nəticə çıxarmalıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə