Nikita Qlasnoviç I Avropa Oyunlarına hazırlaşır

Nikita Qlasnoviç I Avropa Oyunlarına hazırlaşır

Son aylar taekvando üzrə xallar toplayan Nikita Qlasnoviçin növbəti böyük hədəfi "Bakı 2015"dir. SİA-nın məlumatına görə, 20 yaşlı idmançı Avropa Çempionatında qadınlar arasında Olimpiya kateqoriyası üzrə 57 kiloqram çəki dərəcəsində qızıl medal qazanmaqla 2008-ci ildən taekvando sahəsində Avropanın qızıl medalını əldə etmiş ilk isveç döyüşçüsüdür.

Qlasnoviç skanskan.se saytına müsahibəsində belə deyib: "Mən özünəinam prinsipi və müəyyən rejim üzrə səylə çalışmışam. Rəqiblərim mənim üçün tamamilə yeni idilər. Mən əvvəllər onların heç biri ilə üzləşməmişdim. Bütün diqqətimi sadəcə öz üslubuma yönəltdim".

Qlasnoviç Rusiyanın Nalçik şəhərində baş tutmuş final oyununda yerli idmançı Milana Driamovanı məğlub edib.

Əslən Malmodan olan N. Qlasnoviç 2014-cü ildə keçirilmiş çempionat ilə müqayisədə iki pillə irəliləyərək birincilik əldə edib: "Nəticəmi yaxşılaşdırdığım üçün şadam. Qazanılmış uğur məsuliyyəti artırır və özünəinam hissi yaradır. Əlavə gərginlik olmadan mübarizə apardım".

Nalçik şəhərində keçirilmiş yarış yanvardan etibarən ABŞ Açıq Çempionatında, Dubayda, Misirin İsgəndəriyyə və Luksor şəhərlərində, Türkiyədə, Yunanıstanda, İsveçrədə, Bosniya və Herseqovinada, Hollandiyada keçirilən silsilə yarışlarda mübarizə aparmış Qlasnoviç üçün sonuncu sınaq olmuşdu.

"Özümü uzun müddətdir ki, evimdən ayrı hiss edirəm. Yenə də doğma vətəndə olmaqdan çox məmnunam", - deyə Qlasnoviç bildirib.

İsveç idmançısı "Rio 2016" Olimpiya Oyunları üçün xallar toplamağa köklənib. O, dünya sıralamasında 200 xala malikdir və öz çəki dərəcəsi üzrə üçüncü yerdədir.

Hazırda Qlasnoviç Malmo şəhərindəki evində istirahət edir. O, Olimpiya təsnifatı üçün bir qədər də xal toplamaq baxımından Bakı 2015 Avropa Oyunlarını fürsət hesab edir.

Bütün xəbərlər Facebook səhifəmizdə