Namiq Əliyev: "Favoritlərdən biri bizim milli komandadır" AÇIQLAMA

Namiq Əliyev: "Favoritlərdən biri bizim milli komandadır" AÇIQLAMA

"Dünya Kubokunda çıxış etmək üçün opitmal heyət seçmişik". SİA-nın məlumatına görə, bu sözləri Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, Dünya Güləş Birliyinin İdarə Heyətinin üzvü Namiq Əliyev jurnalistlərə açıqlamasında deyib. O, yığma komandanın 3 böyük yarışa ardıcıl şəkildə hazırlaşmalı olduğunu, yarışlar arasında isə vaxtın az olduğunu bildirib: "Vaxt məhdudiyyətimiz var. Millimiz Dünya Kubokundan 2 ay sonra Avropa Oyunları və ondan da 2 ay sonra Dünya çempionatında mübarizə aparacaq. Çalışacağıq ki, idmançılarımız hər 3 yarışda uğurla iştirak etsinlər".

N. Əliyev Dünya Kubokunun qrup görüşlərində yığmamızın favorit olduğunu qeyd edib: "Dünya Kubokunda həm kifayət qədər təcrübəli, həm də gənc idmançılar çıxış edəcək. Bu, öz sözünü deyə biləcək heyətdir. Qrupun favoritlərdən biri bizim milli komandadır. Orada daha böyük rəqabət İran yığması ilə olacaq. Hesab edirəm ki, idmançılarımız onlarla uğurla güləşəcəklər. Güclü, bizə rəqib idmançıların olduğu çəkilərdə ehtiyat qüvvə olaraq 2 güləşçimizin adı qeydiyyatdan keçirilib ki, idmançılarımız yorulmasınlar".

O, Xetaq Qazyumovun heyətdə yer almamasını belə izah edib: "İstəyirik ki, Xetaq Qazyumov Avropa Oyunlarında güləşsin. Ona görə də o, Dünya Kubokunda heyətə salınmayıb. Dünya çempionatında isə Şərif Şərifovun yarışması nəzərdə tutulub".

Federasiyanın I vitse-prezidenti Azərbaycan yığmasının həmişə birinci yer üçün yarışdığını vurğulayıb: "Millimiz qatıldığı bütün yarışlarda yalnız birinci yeri hədəfləyir. Dünya da belə qəbul edib və bizim komandaya favorit kimi baxırlar. İdmançılar da bunu dərk edirlər və bu, beyinlərinə həkk olunub".

Bütün xəbərlər Facebook səhifəmizdə