"ASF prezidenti bildirdi ki, Bəxtiyar Abbasovun nəticəsi ləğv olunacaq" AÇIQLAMA

"ASF prezidenti bildirdi ki, Bəxtiyar Abbasovun nəticəsi ləğv olunacaq" AÇIQLAMA

"Avropa Sambo Federasiyasının (ASF) prezidenti, Beynəlxalq Sambo Federasiyasının (FİAS) vitse-prezidenti Sergey Yeliseyev bildirdi ki, Rusiyada keçirilən Anatoli Xarlampiyevin xatirəsinə həsr olunmuş sambo üzrə Dünya Kubokunda 90 kq çəki dərəcəsində bürünc medal qazanmış Azərbaycan samboçusu Bəxtiyar Abbasov mükafatlandırma mərasimində Ermənistan himnini oturaraq dinlədiyinə görə, onun nəticəsi, medalı və diplomu ləğv olunacaq". Bu sözləri SİA-ya açıqlamasında sambo üzrə Azərbaycan yığma komandasının baş məşqçisi, Əməkdar məşqçi Yaqub Abdullayev deyib.

Onun sözlərinə görə, S. Yeliseyev samboçunun yarışlardan diskvalifikasiya ediləcəyini vurğulayıb: "Sergey Yeliseyev dedi ki, Beynəlxalq Federasiyanın İntizam Komitəsinin iclasında Bəxtiyar Abbasovun hərəkəti müzakirə olunacaq və onun nə qədər müddət yarışlardan diskvalifikasiya ediləcəyi müəyyənləşəcək. Bildirdi ki, bu barədə rəsmi qərar Azərbaycan Sambo Federasiyasına (ASF) da göndəriləcək. ASF də samboçunun medal və diplomunu geri qaytarmalıdır. Artıq qurumun rəsmi saytında da Bəxtiyar Abbasovun nəticəsi ləğv olunub. Yəqin ki, onun yığma komandamıza qazandırdığı 3 xal da hesabdan silinəcək və yığmamızın xalı 27-dən 24-ə azaldılacaq".

Baş məşqçi Bəxtiyar Abbasovun Ermənistan himni səsləndirilərkən oturması barədə də fikirlərini bildirib: "Hər bir insanın öz psixoloji gərginliyi, emosional durumu var. Heç kim ona müdaxilə edə bilməz. O belə hərəkət etdi, amma sonra idmançılarla birlikdə xatirə şəkli çəkdirdi. Çalışdım ki, buna siyasi don geyindirməsinlər. Həm Avropa, həm də Beynəlxalq Sambo Federasiyası belə bir halı görmüşdü. Niyə yarış günü və ya yarışdan sonra onun medalını əlindən almadılar? Onu da qeyd edim ki, Bəxtiyar Abbasov mübariz, xarakterli idmançıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə