“Aeroflot Open 2015”in 2-ci turu yekunlaşıb

“Aeroflot Open 2015”in 2-ci turu yekunlaşıb

Martın 27-də Moskva şəhərində start götürən ənənəvi "Aeroflot Open 2015" beynəlxalq şahmat festivalında 2-ci turun oyunları başa çatıb. SİA-nın məlumatına görə, 3 qrup (A-güclülər, B-əmsalı 2550-dən az olanlar və C-həvəskarlar) üzrə 9 turdan ibarət olan yarışda 13 ölkədən ümumilikdə 310 şahmatçı iştirak edir. Ölkəmizi Şəhriyar Məmmədyarov, Rauf Məmmədov (A-turnir), Namiq Quliyev, Orxan Abdulov, Gülnar Məmmədova, Günay Məmmədzadə, Nərmin Kazımova, Abdulla Qədimbəyli (B-turniri), Qulam Məmmədov, Teymur Salayev, Cavidan Qurbanzadə və Fərid Mustafayev (C-turniri) təmsil edirlər.

A qrupunda 59 beynəlxalq qrossmeyster daxil olmaqla 72 zəka sahibi öz qüvvəsini sınayır. Turnirin favoriti sayılan Şəhriyar Məmmədyarov ilk tura qələbə ilə başlasa da, 2-ci turda yerli şahmatçı İldar Xismatullinə məğlub olub. Bu qrupda mübarizə aparan digər şahmatçımız Rauf Məmmədov isə 1-ci turda Mixail Mozarovla heç-heçə edib, 2-ci turda almaniyalı Denis Vaqner üzərində qələbə qazanıb.

B turnirində yarışan təmsilçilərimizdən Orxan Abdulov ilk turda Aleksandr Qavrilov üzərində qələbə qazanıb. O, 2-ci turda Mert Yılmazyerli ilə xalları yarı bölüb. Namiq Quliyev isə hər iki turda rəqibləri ilə sülh bağlayıb. Günay Məmmədzadə ilk turda məğlubiyyətlə üzləşib. O, 2-ci turda Qazaxıstan təmsilçisi Mamirbay Asadli üzərində qələbə qazanıb.

Beləliklə, 2 turdan sonra Rauf Məmmədov və Orxan Abdulov 1.5 xal, Şəhriyar Məmmədyarov, Namiq Quliyev və Günay Məmmədzadə 1 xal toplayıblar. Gülnar Məmmədova, Nərmin Kazımova və Abdulla Qədimbəyli hələlik aktivlərinə xal yaza bilməyiblər.

C turnirində mübarizə aparan həmyerlilərimizdən Qulam Məmmədov və Teymur Salayev 1 xal, Fərid Mustafayev və Cavidan Qurbanzadə 0.5 xal toplayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə