"Shamkir Chess 2015"in partiyaları canlı yayımlanacaq

"Shamkir Chess 2015"in partiyaları canlı yayımlanacaq

Aprelin 16-da start veriləcək Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2015" super-turniri ilə bağlı bir sıra işlər artıq öz həllini tapıb. SİA-nın məlumatına görə, təşkilat komitəsindən bildirilib ki, "Synergy Group"un təşkilatçılığı və sponsorluğu ilə keçiriləcək "Shamkir Chess 2015" ötən il olduğu kimi bu il də üç dildə canlı yayımlanacaq. Azərbaycan dilində partiyaları vaxtilə Vüqar Həşimovun məşqçisi olan, FİDE məşqçisi, Azərbaycanın əməkdar məşqçisi Anar Allahverdiyev və yeniyetmələr üzrə millinin məşqçisi, qrossmeyster Fərid Abbasov təqdim edəcək. Vüqar Həşimovun sekundantı və məşqçisi Viorel İordakesku rus dilində, ukraynalı qrossmeyster, FİDE şərhçisi Evqeniy Miroşniçenko isə inglis dilində şərh edəcək.

Qeyd edək ki, yarışda dünyanın ən güclü şahmatçılarından olan Maqnus Karlsen, Vişvanatan Anand, Vladimir Kramnik, Fabiano Karuana, Aniş Giri, Uesli So, Maksim Vaşi-Lagrav, o cümlədən, azərbaycanlı qrossmeysterlər, Avropa çempionları Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Azərbaycan çempionatının son qalibi Rauf Məmmədov iştirak edəcək. Bu, "Shamkir Chess 2015"in dünyada geniş yayılması üçün mükəmməl bir vasitə olacaqdır.

Yaxın günlərdə www.shamkirchess.az veb səhifəsi yeni versiyada ictimaiyyətə təqdim olunacaq. Super turnir ilə bağlı ətraflı məlumat, adı çəkilən şahmatçıların Şəmkirdə keçirdiyi vaxt və eyni zamanda oyunları canlı izləmək üçün burada xüsusi pəncərə yaradılıb. Əlavə olaraq, www.chess.com veb-səhifəsi də 16-26 aprel tarixində bu turniri canlı izləmək imkanı yaradacaq. "Shamkir Chess 2015"in dünyada böyük maraqla qarşılandığını nəzərə alaraq, sosial mediadan geniş şəkildə istifadə olunur. "Shamkir Chess 2015" Facebook, Twitter və İnstagram səhifələri mütəmadi olaraq yenilənir və şahmatsevənlərin sualları cavablandırılır.

Xatırladaq ki, "Shamkir Chess 2015" turniri Şəmkir şəhərində Heydər Əliyev Mərkəzində keçiriləcək. Yarış aprelin 6-da başlayacaq və 10 gün davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə