Millimizin Avropa Oyunlarında rəqibləri müəyyənləşdi

Millimizin Avropa Oyunlarında rəqibləri müəyyənləşdi

Bu gün Bakı 2015 Avropa Oyunlarının proqramına daxil edilən çimərlik futbolu yarışlarının püşkatma mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasimdə FİFA Çimərlik Futbolu Komitəsinin üzvü və BSWW-nin (Dünya Çimərlik Futbolu Təşkilatı) vitse-prezidenti Joan Kusko, Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzi, Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin idman şöbəsinin direktoru Pirs O.Kallahan, futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robet Prosineçki, Fransa millisinin sabiq futbolçusu Kristian Karambö və digərləri iştirak edib.

Çimərlik futboluna həsr olunmuş videoçarx nümayiş olunduqdan sonra Joan Kusko tədbir iştirakçılarına FİFA prezidentinin salamlarını çatdırıb. O, Bakı 2015 Avropa Oyunlarının uğurla keçiriləcəyinə əmin olduğunu bildirib: "Üç ay öncə Bakıda olmuşam. Bu gün hazırlıq prosesində üç ay müddətində olan inkişaf və irəliləyişi gördüm və əmin oldum ki, Bakı 2015 Avropa Oyunları möhtəşəm şəkildə təşkil olunacaq. Oyunlarda Avropanın ən yaxşı heyətləri mübarizə aparacaq. I Avropa Oyunları çimərlik futbolu üzrə ən böyük yarış olacaq".

Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzi ölkəmizdə idmanın inkişafından və bu sahədə yaradılan infrastrukturdan danışıb. O, çimərlik futbolunun Avropa Oyunlarının proqramına salınmasına görə minnətdarlığını bildirib. Federasiya prezidenti millimizin hədəfinin Oyunlarda ilk üçlükdə yer almaq olduğunu qeyd edib: "Yığmamız Avropada 12, dünyada 18-ci yerdədir. Azərbaycanda çimərlik futbolu sevilsə də, daha çox həvəskarlar arasında oynanılırdı. Mərdəkanda AFFA-nın təşkilatçılığı ilə stadionumuz tikilib. Təzəlikcə Bayraq Meydanı ərazisində də yeni arena inşa olunub. Azərbaycan Çimərlik Futbolu Federasiyası 2008-ci ildə yaranıb. Bakı 2015 Avropa Oyunları ölkəmizdə çimərlik futbolunun inkişaf etməsinə böyük təkan olacaq".

Pirs O.Kallahan Oyunların çox maraqlı keçəcəyini bildirib. Azərbaycan xalqının idmanı sevdiyini deyən BAOƏK-nin idman şöbəsinin direktoru idman qurğularının test yarışları zamanı sınaqdan keçirildiyini və yaradılmış şəraitin möhtəşəm olduğunu vurğulayıb.

Daha sonra püşkatma keçirilib. Püşkatmada Joan Kusko, Robet Prosineçki və Kristian Karambö iştirak edib. Nəticələrə görə, "A" qrupunda Azərbaycan, Portuqaliya, İsveçrə və Ukrayna, "B" qrupunda isə Rusiya, İspaniya, İtaliya və Macarıstan mübarizə aparacaq.

Sonda tədbir iştirakçıları jurnalistlərin suallarını cavablandırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə